Azərbaycanda ölüm hökmünün bərpası təklif olundu

iMilli Məslisin bu gün keçirilən iclasında deputat Elmira Axundova ölüm hömkünün bərpa edilməsini təklif edib.

Deputat təklifini belə əsaslandırıb:

“Azərbaycanda demək olar ki, hər gün məişət şəraitində cinayətlər baş verir. Statistikaya görə qadınların öz ərləri tərəfindən öldürülməsinin sayı yüksək templə artır. Oktyabrda Azərbaycan KİV-ləri iki qadının vəhşicəsinə öldürülməsi barədə məlumat yaydı. Zərdab rayonunun Yarməmmədbağı kəndində üç uşaq anası olan bir qadının boğazı orta əsrlər vəhşiliyi ilə əri tərəfindən kəsildi, faktiki olaraq başı bədənindən ayrıldı.

Bir neçə gün sonra vəhşiliyi ondan da betər olan digər bir qətl Qəbələnin Kürd kəndində baş verdi. Dəfələrlə həyat yoldaşı, üç uşaq anası Səbinəni döyən, işgəncə verən Xəyal Verdiyev adlı sadist, mən onu insan belə adlandıra bilmirəm, həmin gün qadına işgəncə vermiş, daha sonra uşaqların gözü qabağında onu boğaraq qətlə yetirmişdir. Səbinə 4-cü uşağa hamilə idi. KİV-lərdə yazılan cinayətlərin təfərrüatlarını oxuyanda insan dəhşət və nifrətdən sarsılır.

Yəqin ki, bu sadistləri 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Onların ikisi də hələ gəncdirlər, deməli 40 yaşında azadlığa çıxa bilərlər və digər qadınlar, hətta öz uşaqları da onların qurbanlarına çevrilə bilər. Çünki bu şəxslər təbiətcə qatildirlər.

Buna görə hesab edirəm ki, onlar daha uzun müddətli cəzaya layiqdirlər. Bizdə isə bu, ömürlük azadlıqdan məhrumetmədir. Mən üzümü Zərdabdan Aqşin Astanovun və Qəbələdən Xəyal Verdiyevin işinə baxan hakimlərə, prokurorlara tutub xahiş edirəm ki, onlara ən yüksək cəzanı versinlər. İkincisi, düşünürəm ki, Cinayət Məcəlləsinin bir sıra maddələrinə yenidən baxmağın və istisna hal kimi xüsusilə ağır cinayətlər, arvadının
başını kəsən, azyaşlıları zorlayıb öldürənlərə qarşı ölüm hökmünü bərpa etməyin vaxtıdır”.