İlin əvvəlindən ölkə əhalisinin sayı 17653 nəfər artaraq 2019-cu il aprel ayının 1-i vəziyyətinə 9999110 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.
Yenicag.az xəbər verir ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bu ilin yanvar-əmart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32402 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulub.
Cari ilin birinci rübündə ölkədə 14811 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4-dən 6,1-ə qədər azalıb. 2019-cu ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 13191 nikah və 3972 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.
Cari ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 398 nəfər Azərbaycana gələn, 336 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 62 nəfər təşkil edib.