Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Azərbaycanda oyun satanları bu gün milliyə çağırırlar" - Vaqif Cavadovdan SENSASİON MÜSAHİBƏ

Reklam: High Technic

Azərbaycan futbolunun ən istedadlı simalarından biri olan Vaqif Cavadov hazırda 32 yaşında olsa da, artıq son klubundan ayrıldığı 2 ildən çoxdur.

Yenicag.az xəbər verir ki, Qol.az-a müsahibəsində futbola qayıtmağa hazır olduğunu deyən millimizin sabiq üzvü başqa maraqlı məqamlara da toxunub. Lent.az həmin müsahibəni ixtisarla təqdim edir.

– Vaqif, hazırda nə işlə məşğulsan?

– Şükür Allah, hələ ki, hər şey yaxşıdır. Akademiyada məşqlərə gedib-gəlirəm. Hələ ki, bu işlərlə məşğulam. Bir də ailəmin yanında oluram.

– Akademiyada işlər necə gedir?

– İndi pandemiya dövrüdür, hər yer bağlı idi, yenicə açılıb. Təbii ki, sağlamlıq hər şeydən önəmlidir. Məşqlərə başlamışıq. Yaya doğru hər şey belə getsə, daha yaxşı olacaq. Yayla müqayisədə uşaqların gəlməyində bir qədər çətinlik var. Kimlərsə qorxur, çəkinir. Bu amillər işimizə təsir edir.

– Səncə, niyə indi yaxşı futbolçular çox az yetişir?

– Bəlkə də yetişər. Ancaq sistem düzgün qurulmur. Əgər futbolçular əsas komandanın heyətində birinci liqada oynasalar, öyənərlər. Heyətdə həm yaşlı, həm də cavan oyunçular olmalıdır. Futbolçu 25 yaşında karyerasını bitirməməlidir. Amil Yunanov az qala futboldan gedirdi. “Səbail”ə gəldi, tədricən formasını yığır. Mirabdulla Abbasovu “Neftçi”də itirmişdik. Samir Abasov gəldi, ona güvəndi. İndi “Neftçi”nin əsas futbolçularından biridir, qolları da o vurur. Min dəfə də iranlıdan güclüdür. Lap əgər legionerlə eyni səviyyədə çıxış etsə də, mən yerli futbolçuya üstünlük verərəm. Çünki bizə milli komandada kömək edə bilər. Bunlar hamısı məşqçidən asılıdır. Biz nəyəsə nail olmaq istəyiriksə, yerli futbolçulara şans verməliyik. Bəli, əcnəbi futbolçu gətirmək olar. Ancaq elə oyunçu gəlməlidir ki, ondan nəsə öyrənmək mümkün olsun. İndiki əcnəbilər Azərbaycana kofe içməyə gəlirlər. Pullarını qazanıb, gedirlər. Amma görün, o dövrdə necə legionerlər gəlirdi. Deyəcəklər onda maliyyə yaxşı idi, indi zəifdir. Ancaq indi hər yerdə maliyyə zəifdi. O cür ustalıq səviyyəsi yüksək olan futbolçuları indi də gətirmək olar. Biz elə legionerlərlə mübarizə aparırdıq ki, onlardan çox şey götürürdük. İndi uşaq-muşaq futboludur. Futboldan da danışanda deyirlər ki, çox danışırsan. Bunları demək lazımdır.

– Bir qədər də milli komandamızdan danışaq. Yığmamızın son çıxışları, oyun tərzi haqda nə deyə bilərsən?

– Baş məşqçidən çox şey asılıdır. Hamı məni düzgün başa düşsün. Söhbət milli komandadan gedirsə, heyətə fikir vermək lazımdır. Bunu baş məşqçi də bilməlidir. Əgər məşqçi boyu 1.60-1.70 sm olan 5 futbolçunu əsas heyətdə meydana buraxırsa, o komandada nəticə qazanmaq çətindir. Yəni Azərbaycan səviyyəsində həmin futbolçulara sözüm yoxdur. Ancaq Avropada bu cür heyətlə nəsə etmək mümkün deyil. Mən demirəm heyətdə bəstəboy futbolçu olmamalıdır. 1-2 nəfər ola bilər, amma 6-7 nəfər ola bilməz. Çünki hava toplarının əksəriyyəti qapıya gedəcək. Nəyə görə Berti Foqts Aqil Nəbiyevi, Rasim Ramaldanovu milliyə çağırırdı? Çünki boyları uzundur. Əgər 6 nəfərin boyu balacadırsa, Almaniyaya qarşı necə oynayacaqsan? Yerlə necə yaxşı oynasan da, hava toplarında rəqiblə bacara bilməzsən. Bizdə ümumiyyətlə, orta xətdəki futbolçular hamısı bəstəboydur – Qara Qarayev, Elvin Camalov. Sağda Namiq Ələsgərov, solda Təmkin Xəlilzadə, Rəhman Hacıyev. Bəs sən kimlə vuruşacaqsan? Əgər baş məşqçi bunu dərk etmirsə, mən nə deyə bilərəm ki.

– Sadaladığın futbolçuların əvəzinə kimi oynatmaq olar?

– Bu, klublardan asılıdır. Klublar yetişdirməlidir oyunçuları. Bu gün Rahil Məmmədovu, Bəhlul Mustafazadəni qazanmışıq. Bu futbolçuları orta xətdə də oynatmaq olar. Rasim Ramaldanov “Simurq”da mərkəz müdafiəçisi idi, amma millidə ortada oynayırdı. Samir Abasov klubunda arxada, millidə ortada oynayırdı. Sonra “Qarabağ”da da orta xətdə çıxış etdi. Yəni axtarmaq lazımdır. Milli səviyyəsində oynayacaq yarımmüdafiəçilər hazırlamaq lazımdır. Heç yerdə belə şey yoxdur ki, ortadakı yarımmüdafiəçilər və müdafiəçilər bəstəboy olsun. Cinahlarda ola bilər, çünki sürətli keçidlər lazımdır. Amma orta xətdə ucaboy futbolçunun olması mütləqdir. Qeyd etdiyim kimi, Azərbaycan səviyyəsində ola bilər. Biz görürük ki, sadaladığım oyunçular Azərbaycan səviyyəsində ən yaxşılardandırlar. Ancaq əgər millidə 22 nəfərdən 10-u bəstəboydursa, biz hansı nəticədən danışa bilərik? Əlbəttə ki, bizə çətin olacaq.

– Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibləri haqda nə deyə bilərsən? Qrupda hansı nəticəni qazanmaq olar?

– Biz o vaxt indiki rəqiblərdən olan İrlandiyanı 2:0 udmuşduq. Səfərdə də səhv etmirəmsə, 1:1 olmuşdu. Gəlin, o vaxtkı heyətə də baxaq, indikinə də. İrlandiyalılar bizimlə ancaq hava topları ilə oynayırdılar. Biz isə bacarırdıq.

Qeyd etdiyim ki, baş məşqçidən çox şey asılıdır. De Byazi gələndə özünü başqa cür aparırdı, indi düzəlib. Cavanları götürməyə başlayır. Son oyunlarda komandamız qol vurmasa belə, görünür ki, heyətdə cavan oyunçular var. Hansı ki, onları oynatmaq olar. Milliyə dəvət edilən legionerlər isə bizə lazım deyil. Sübutunu da gördük. Milliyə iranlı hücumçu götürüblər. Niyə qol vurmur? Onun əvəzinə Mirabdulla oynamalıdır. 30 yaşlı əcnəbini gətirmək lazım deyil. Gətirən kimi də start heyətdə meydana çıxır. Bu, heç yerdə görülməyib. 90 dəqiqə ərzində qapıya zərbə də vura bilmir.

– Ölkə xaricində yaşayan əslən azərbaycanlı futbolçuların milliyə cəlb olunmalarına necə baxırsan?

– Məncə, normaldır. De Byazinin Antalyaya futbolçu axtarışı üçün getməsi yaxşı fikirdir. Biz axtarmalıyıq. Rusiyada azərbaycanlı futbolçular oynayır. Ancaq biz onları da düşünməliyik. AFFA rəhbərliyi onlara zəmanət verməlidir. Çünki onlar Azərbaycan millisini seçsələr, Rusiyada limitə düşürlər. Biz onları millimiz üçün qazandıra bilərik. Amma onlar hamısı mənim kimi deyil ki, 16 yaşında Rusiya vətəndaşlığını qoyub, gəlib Azərbaycan millisini seçsinlər. Mən buna görə fəxr edirəm. Amma o futbolçuların indi bunu etməyinin düzgün olub-olmadığını deyə bilmərəm. Biz onları gətiririksə, limitə görə Rusiyada öz klublarında çətinlik çəkəcəklər. Sonda isə oyun təcrübəsinin çatışmazlığına görə yenə bizə lazım olmayacaqlar. Necə ki, Şeydayev gəldi, burda ruhdan saldılar. Buna görə də Rusiya Futbol İttifaqı ilə AFFA anlaşmalıdır ki, həmin futbolçular orada legioner sayılmasınlar. Bunlar olsa, Rusiya və Ukraynadan Azərbaycan əsilli oyunçular götürsək, futbolumuza böyük faydası olar.

– Premyer Liqamızın durumu haqda nə deyə bilərsən? Komandalar arasında rəqabət görürsən?

– Rəqabət kimdə var ki? “Qarabağ”la kimsə mübarizə apara bilər? “Qarabağ” sadəcə, özü oynamır. Mənim fikrim belədir. Əgər “Qarabağ” eyni heyəti hər oyun oynatsa, hansı ki, bunu edə bilər, çünki avrokuboklar yoxdur – məncə, heç bir klubun şansı olmaz. Bəli, “Zirə”, “Neftçi” də yaxşı mübarizə aparır. Rəşad Sadıqovun gəlişindən sonra “Zirə” çempionata rəng qatıb. Amma yenə də “Qarabağ”la heç kim mübarizə apara bilməz. Bu gün belə görünür. Yayda balkə bir qədər başqa mənzərə görə bilərik. Ancaq indi heç bir komanda “Neftçi” və “Qarabağ”la bacara bilməz. Hamısı eyni səviyyədədir. Düzdür, biz görürük ki, “Qəbələ” “Neftçi”yə müqavimət göstərir, hətta qalib də gəlir. “Neftçi”nin büdcəsi “Qəbələ”ninkindən xeyli geniş olsa da, biz bu nəticələrin şahidi oluruq. Deməli, birinci oyunun keyfiyyətini qaldırmaq lazımdır, sonra maliyyəni.

– Sonda demək istədiyin əlavə nəsə varsa, buyur.

– Məncə, hər şeydən danışdıq. Sonda onu deyə bilərəm ki, hələ ki, Vaqif gözləyir. Hələ ki, susuram. Bu, kiməsə hədə-qorxu deyil. Sadəcə, hamı bilməlidir ki, Vaqifin heç bir günahı yoxdur. Bunu azarkeşlər və məni tanıyan hamı bilir. Bu gün oyun alıb-satanlar Azərbaycan çempionatında oynayırlar, milliyə də cəlb olunurlar. Əgər mənim kimi təmiz insanlar qıraqda qalıbsa, ancaq təmiz olmayanlar milliyə çağırılırsa, deməli, günah məndədir? Məsələ bundadır. Mən hər şeyi eşidirəm və görmüşəm də. Sadəcə, əlimdə dəlillər yoxdur deyə hələ danışmıram.

Loading...

www.yenicag.az

195