Azərbaycanda özəl qəbiristanlıqlar salınacaq

“Qəbiristanlıqlar insanların yaşayış məskənindən 300 metr və daha aralı məsafədə yerləşməlidir”.

Bu sözləri Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev “Qəbiristanlıqların yaradılması, onların idarə olunması, dəfn və məzarların qeydiyyatı” haqqında qanun layihəsini şərh edərkən deyib. Millət vəkili qəbiristanlıqlar üçün seçilən yerlərə xüsusi diqqət edilməli olduğunu vuruğulayıb: “Qəbiristanlıq salınarkən elə yerlər seçilməlidir ki, ora sürüşməyə davamlı olsun. Sel tutan, su basan məkanlar olmasın. Bu, ən vacib şərtdir. Bundan əlavə, insanların yaşayış məkanlarından ən azı 300 metr və daha uzaq məsafədə yerləməsi, şəhər və qəsəbələrdən tamamilə uzaq olması məsləhətdir”.

Deputat qəbiristanlıqlarda yerlərin baha olmasına da diqqət çəkib: “Azərbaycanda qəbiristanlıqların pulsuz olması vacib şərtdir. Dəfn üçün torpaqların 1000-10 000 manat arasında dəyişdiyi ilə bağlı qeyri-rəsmi rəqəmlər var. Yeni qanun layihəsi bunun qarşısını alacaq”.

M. Quliyev bir ailənin əvvəlcədən bir neçə nəfər üçün qəbir yeri ayırtdırmasının doğru olmadığını düşünür: “Yeni qanun layihəsində bu, mümkünsüzdür. Yalnız ər və arvad üçün yanbayan məzar yeri götürməyə icazə veriləcək. Qalan ailə üzvləri isə harda boş yer var, orda dəfn olunacaq. Düşünürəm, bu, daha əlverişlidir”.

Millət vəkili ailə üzvlərinin eyni yerdə dəfn olunmasını istəyənlər üçün özəl qəbiristanlıqların salınacağını deyib: “Kimsə istəyir ki, özünün ailə qəbiristanlığı olsun. Həmin insanlara da bu imkanı vermək lazımdır. Özəl qəbiristanlıqların salınması ideyası burdan qaynaqlanır. Bu yerlər də bələdiyyələr tərəfindən salınacaq”.(aznews)