Azərbaycanda partiya sədrindən 6 saatdır xəbər yoxdur – DİN-dən açıqlama

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Partiyadan Yenicag.az-a verilən məlumata görə, idarədən zəng edən əməkdaş Anar Əsədliyə xırda bir məsələni dəqiqləşdirmək üçün onun bir neçə dəqiqəlik idarəyə gəlməsini xahiş etsə də, Anar Əsədli 6 saatdan artıqdır orada saxlanılır.

Məlumata görə, indiyədək Anar Əsədlinin özü ilə əlaqə saxlamaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev APA-ya bildirib ki, Anar Əsədli istintaq hərəkətləri ilə əlaqədar Baş İdarəyə dəvət olunub. O, Anar Əsədlinin yaxın dəqiqlərdə buraxılacağını deyib.