Azərbaycanda pornoqrafik materialları yayan şəxsə cinayət işi açıldı

Abşeron rayonunda pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaqda ittiham olunan Tural Axundovun barəsində cinayət işi başlanılıb.

Yenicag.az xəbər verir ki, ona Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət) maddəsi ilə ittiham irəli sürülüb.

Tural Axundovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Vaqif Həsənovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə ittiham olunan şəxsin əməli məhkəmədə sübuta yetirilsə, həmin şəxsi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza gözləyir./Demokrat.az/