Azərbaycanda qadın şəxsiyyət vəsiqəsində cinsiyyətinin səhv yazıldığını iddia edir.
Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına məlumat verilib.
Şəxsiyyət vəsiqəsində cinsiyyəti səhv yazılan Fidan Adgözəl qızı Heydanlı ilə əlaqə saxlanılıb.
F.Heydanlı doğum haqqında şəhadətnaməsinin qeydiyyata səhv alındığını qeyd edib:
“Mənim qeydiyyatım Ağstafa rayonundadır. Şəxsiyyət vəsiqəmi aldığım vaxtdan indiyə qədər vəsiqəmdə cinsim kişi olaraq yazılıb. Portalda da qeydiyyatda kişi cinsi olaraq düşüb. Mən buna fikir verməmişdim. Şəxsiyyət vəsiqəsini itirmişdim. Məcbur qaldım təkrar alım. O zaman kişi cinsi yazıldığını gördüm. Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı Şöbəsinə müraciət etmişdim ki, portalda dəyişdirib, cinsiyyətimi düzgün yazın, yəni “qadın”. Bu hal ötən il baş vermişdi. Lakin dəyişdirməyiblər. Portalda kişi cinsi olaraq qalıb.
Subbakalavrların sənəd qəbulunda iştirak edən zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatında olduğum rayon şöbəsindən arayış tələbini görəndə bildim ki, portalda dəyişdirilməyib. Bu, “ASAN xidmət”lə bağlı problem deyil, qeydiyyat şöbəsinin problemidir. Doğum haqqında şəhadətnaməmdə bu səhvə yol verilib”.