Azərbaycanda qonşusunu soydu, özünə bahalı maşın aldı – FOTO

Quba rayonunda oğurluq hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Quba rayon polis şöbəsinə Vəlvələ kəndindəki evlərin birindən 18.000 manat və 790.000 rublun (19.355 manat) oğurlanması barədə müraciət daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini Elşad Əhmədəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

O, törətdiyi əməli etiraf edib. Teleqraf.com-un məlumatına görə, dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, qonşusunun evindən oğurluq etməyi əvvəlcədən planlaşdırıb.

Yanvar ayının 1-də gecə saatlarında sahibin evdə olmadığından istifadə edən Elşad Əhmədəliyev ikinci mərtəbədə yerləşən otağın qapısını qırmaqla oradan külli miqdarda pul oğurlayıb.

Oğurladığı pulun bir qismi ilə özünə “Mercedes Benz” markalı avtomobil alan Elşad Əhmədəliyev bir qismini isə restoran və əyləncə mərkəzlərində xərclədiyini bildirib.

Pulun xeyli miqdarı isə saxlanılan zaman həmin şəxsdən maddi sübut kimi götürülüb.

Bundan əlavə onun idarə etdiyi avtomobildən oğurluq hadisəsi zamanı istifadə etdiyi qara rəngli maska, bir çüt əlcək, vint açan və yastıdodaq aləti (kəlbətin), həmçinin soyuq silah olan beşbarmaq aşkarlanaraq götürülüb.

Faktla bağlı üzrə araşdırmalar davam etdirilir.