Azərbaycanda quru sərhədləri açılır? – Deputat AÇIQLADI

Azərbaycanda xüsusi karantin rejiminin bitməsinə təxminən 1 ay qalıb. Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində dövlət sərhədlərinin 4 illik fasilədən sonra açılmasına dair müzakirələr aparılır, sosial şəbəkə istifadəçiləri yay aylarında ölkə sərhədlərinin sıravi vətəndaş üçün açılacağına ümid bəsləyirlər.

Sözügedən iddialar fonunda bir çox deputatlar və analitiklər fikir bildirsələr də, dövlətin ən yuxarı eşelonunda sərhədlərin bağlı qalması məsələsi əsasən, təhlükəsizlə əlaqələndirilib. Hakimiyyət deputatları, o cümlədən, hakimiyyətyönlü şəxslər onlayn media debatlarında sərhədlərlə bağlı sualları məhz təhlükəsizlik məsələlərinə bağlayaraq, indiki perspektivdə sərhədlərin bağlı qalmasının məqsədəmüvafiq addım olduğunu səsləndirirlər.

Yenicag.az-la söhbətində Azərbaycan Milli Məclisinin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev hesab edir ki, sərhədlərin bağlı qalması ölkəmizin təhlükəsizlik məsələsi ilə əlaqədardır:

“Bu təhlükələrin miqyası və təsiri isə get-gedə azalır. Ermənistanla da sülh müqaviləsinin bağlanması üçün yaxınlaşma hiss olunur. Zənnimcə, proses bu şəkildə davam edərsə, quru sərhədlərin açılması reallaşa bilər. Arzumuz budur ki, ölkəmizin təhlükəsizliyi ilə bağlı bütün narahatlıqlar aradan qalxsın və quru sərhədləri açılsın”.

Qeyd edək ki, bir sıra analitiklər Ermənistanla sülh müqaviləsinin imzalanmaması, qonşu Gürcüstanda başlayan etiraz aksiyaları, o cümlədən, İranın ölkəmizdəki agentura şəbəkəsinin ifşa olunması, habelə Rusiya-Ukrayna müharibəsi fonunda dövlət sərhədlərinin bir müddət də bağlı qalacağını istisna etməyiblər.

Rafi Müslümov