Azərbaycanda quş qripinə görə MƏHDUDİYYƏT

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rumıniyanın Xargita, Danimarkanın Zelandiya, Cənubi Danimarka, Midtyulənd, Hovedstaden, Cənubi Afrikanın Mpumalanqa və Fri-Steyt inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yenicag.az-a verilən məlumata əsasən, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə adları qeyd edilən ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Danimarka Krallığından, Cənubi Afrika və Rumıniya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.