Azərbaycanda rəqəmsal iqtisadiyyata KEÇİD: “Neft gəlirlərindən asılılığı aradan qaldırmaq üçün…”

“Qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi üçün müəyyən proqramlar həyata keçirilməlidir”.

Bu fikirləri iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin Bakıda keçirilən “Inmerge” İnnovasiya Sammitində texniki layihələndirmə fəaliyyəti haqqında çıxışına münnasibət bildirən iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib.Onun sözlərinə görə, rəqəmsal texnologiyalara keçidin sürətləndirilməsi inkişafda olan ölkələrə çoxtərəfli tərəqqi üçün zəmin yaradır:

“Hazırda qlobal trendlərdən birinə çevrilən rəqəmsal iqtisadiyyat formalaşmaqdadır. Rəqəmsal iqtisadiyyatın genişləndirilməsi ənənəvi iqtisadiyyatın inkişafına töhfə verəcək.

Bu gün dünya demək olar ki, rəqəmsallaşır. Süni inteleket və digər texnologiyaların tərəqqisi ilə ölkə iqtisadiyyatına innovativ texnologiyaların tətbiq edilməsinin rəqəmsallaşmaya təsiri inkaredilməzdir. Çünki bu nüanslar artıq zamanın tələbidir və gələcək iqtisadiyyat bu istiqamətdə inkişaf edəcək.

Azərbaycanda bütün bu məqamlarla bağlı böyük tələbat var. Sözsüz ki iqtisadi inkişafı təmin etmək üçün yeni texnologiyaların tətbiqinə geniş imkanlar mövcuddur. İlk növbədə bu sahədə kadr potensialının genişləndirilməsi iqtiqamətində işlər görülməlidir.

Eləcə də, qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi üçün müəyyən proqramlar həyata keçirilməlidir. Belə ki, dünya iqtisadiyyatının inkişafına nəzər salsaq, rəqəmsal texnologiyalara keçidin sürətləndirilməsinin inkişafda olan ölkələrə çoxtərəfli tərəqqi üçün zəmin yaratdığını görərik.

Bu gün ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. Gələcəyə keçidi təmin etmək üçün artıq neft gəlirlərindən asılılığı aradan qaldırmalıyıq. Bu yöndə yeni innovasiyaların tətbiqinə ciddi ehtiyac var. Dünya iqtisadiyyatından geridə qalmamaq və birbaşa inteqrasiya üçün bu yöndə lazımi tədbirləri həyata keçirmək vacibdir”.

Yusif Səmədzadə

COP29