“Hazırda Azərbaycanın qida yağı bazarında böyük hərc-mərclik var. Devalvasiya bu vəziyyəti daha da acınacaqlı hala gətirəcək. İstehlakçıya keyfiyyətsiz və baha qiymətə yağ satılır, onların hüquqları kütləvi şəkildə pozulur”.
Bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
O, misal çəkərək qeyd edib ki,“Rossiskaya masla” markası adı altında N1 yazısı ilə satılan yağın üzərində “100 faiz təbii yağ” yazılıb: “Məhsulun yağlılığı 82,5 faizdir. Üzərində “100 faiz təbii yağ” yazıldığı halda, onun arxasında içərisindəki kərə yağının miqdarının bir faiz olduğu göstərilib. Bu yağı Azərbaycanda “Fazil” firması istehsal edir və yanlış markalanmaqla istehlakçı aldadılır.
“Xırman” firması tərəfindən istehsal olunan “Belqa” yağının üzərində də “100 faiz təbii yağ” yazılır. Yağlılığı 82,5 faizdir. Tərkibində pasterizə edilmiş inək qaymağı, inək yağı, yüksək keyfiyyətli bitki yağı və s. olduğu göstərilir. Ancaq tərkibində nə qədər kərə yağı olduğu qeyd olunmur.
“Krestyanskoe” yağının da üzərinə “100 faiz təbii yağ” yazır. Yağlılığı 82 faiz olan bu yağ qarışıq yağdır. Bu da Azərbaycanda istehsal olunur. Qarışıq yağ olsa da tərkibi göstərilmir”.
E.Hüseynov alıcılara məsləhət də verib. O bildirib ki, fərqli yağları eyni temperaturda saxlamaqla hansının təmiz yağ olduğunu öyrənmək olar: “Eyni temperatur şəraitində hansı yağ daha bərkdirsə, o, kərə yağıdır, barmaq batan isə artıq qarışıq yağdır. Təbii kərə yağını kəsəndə o dağılır, qarışıq yağlar isə daha rahat kəsilir. Təmiz kərə yağının ərimə temperaturu azdır, qarışıq yağlarda yuxarıdır. Buna görə də qarışıq yağlar insan orqanizmində ciddi xəstəliklər əmələ gətirə bilər”.(report)