Azərbaycanda seçki prosesinə XARİCİ MÜDAXİLƏ: “Qlobal güclərin fürsətdən necə istifadə etdiklərini…”

“Növbədənkənar prezident seçkilərinin təyin olunması ölkədə qarışıqlıq yaratmaq istəyənlərə qarşı önləyici addımdır”.

Bu fikirləri Azərbaycanda gələn il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərini şərtləndirən amilləri şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.BAP sədri bildirib ki, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar mövcud şəraitə tam adekvatdır:

“Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Bununla bağlı ölkə prezidenti müvafiq sərəncam imzalayıb. Əlbəttə, bu qərar bir sıra amillərlə əlaqələndirilməlidir.

Onlardan birincisi, beynəlxalq miqyasda, ikincisi isə ölkədə gedən proseslərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, istənilən siyasi qüvvə həm özü, həm də dövləti üçün seçki mühiti yaratmalıdır. Dünyanın Azərbaycana münasibətinin necə olduğu bəllidir.

Eyni zamanda, gələn il Rusiyada, Avropa İttifaqı ölkələrində və ABŞ-da da seçkilər keçiriləcək. Biz Qarabağ 30 il müddətində işğal altında olanda, qlobal güclərin necə davrandığını, fürsətdən necə istifadə etdiklərini görmüşük. Biz heç kimə o imkanı verə bilmərik ki, onlar hamısı seçkini keçirib, rahat otursun, Azərbaycanda seçki keçiriləndə isə hərə bir tərəfdən müdaxilə etsin.

Bizim Ermənistanla məsələmiz tam yekunlaşmayıb. Qarabağ işğaldan azad olunsa da, hələ işğal altında qalan torpaqlarımız var. Biz növbəti ildən yeni dönəm üçün əlində mandatı olan bir prezidentlə yola çıxmalıyıq. Fikrimcə, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı verilən qərar düzgündür və indiki şəraitə adekvatdır.

Ölkə daxilindəki siyasi qüvvələri başa düşürəm. Hamı istəyir ki, rahat seçki mühiti olsun. Ancaq ortada dövlətçilik məsələsi varsa, onu əsas götürmək lazımdır. Biz hadisələrə dövlətçilik məsələsindən yanaşdığımız üçün hesab edirik ki, növbədənkənar prezident seçkilərinin təyin olunması ölkədə qarışıqlıq yaratmaq istəyənlərə qarşı önləyici addımdır.

Aydındır ki, ölkə prezidenti İlham Əliyev bir neçə amilə görə irəlidədir. Bizim üçün əsas maraqlı olan odur ki, dövlətçilik təhdid altına düşməsin. Kim seçkidə iştirak edəcəksə, ona hörmətlə yanaşırıq. Biz bu barədə hələ konkret qərar verməmişik. Siyasi Şura üzvlərimizlə həftəsonu toplaşıb, bunu müzakirə edəcəyik”.

Səxavət Məmməd

COP29