Hesablama Palatası Azərbaycanda tütün məmulatlarının da Vergi Məcəlləsi ilə aksizlərə cəlb olunmasını təklif edir.
Hesablama Palatasından Trend-ə verilən məlumata görə, Vergi Məcəlləsi ilə (190.1-ci maddə) hazır məhsul olan konyak və şərabla yanaşı, konyak və şərab materialları da aksizə cəlb olunur. Palata ölkəyə hər il 1000 tondan çox tütün xammalının idxal olunmasını nəzərə alaraq, aksizlərə yalnız tütünü deyil, eyni zamanda tütün xammalının da aid edilməsini məqsədəuyğun sayıb.
Qurum hesab edir ki, tütün xammalının aksizlərə cəlb olunması sosial əhəmiyyət kəsb etməyən qiymət artımına səbəb olaraq, qeyri-neft sektorundan dövlət büdcəsinin gəlirlərinin həcminə müsbət təsir göstərməklə yanaşı, həmin məhsulların istehlakının məhdudlaşmasına səbəb ola bilər.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2015-ci ildə ev təsərrüfatları tədqiqatlarının məlumatlarına əsasən müəyyənləşdirdiyi göstəricilərə görə, Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhali arasında siqaret çəkənlər 35,5 faizdir. Siqaret çəkənlərin 0,4 faizi 15-19 yaş arasında olan oğlanlardır. Siqaret çəkənlərin 15,2 faizi 20-44, 24,1 faizi 45-64 yaşlı, 16,6 faizi isə yaşı 65-dən çox olan kişilərdir.
Ümumilikdə Azərbaycanda yaşı 15-dən çox olan kişilərin 36 %-i siqaret çəkir. Siqaret çəkən qadınların sayı isə heç 1%-ə çatmır.
Qadınlar gündə orta hesabla 20, kişilər 15,9 ədəd siqaret çəkirlər.
Ölkədə ağciyər xəstəliklərindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də əsas səbəb olaraq tütün çəkmə göstərilir.
Yeniçağ.Az