“Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən, spirtli içkilər üçün minimum qiymət müəyyənləşdiriləcək. Dəyişikliklər araq məhsullarının qiymətinin minimumlaşdırılmasını nəzərdə tutur”.
Yenicag.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna təklif olunan dəyişikliklə bağlı bildirib.
Deputat qeyd edib ki, bu ilin ilk 9 ayında Azərbaycanda içkilər və tütün məmulatlarına 1 milyard 882 milyon manat xərclənib:
“Əvvəlki ilin uyğun dövrünə nisbətən vətəndaşlarımız içkilər və siqaretə 132 milyon manat daha çox pul ayırıb. Yəni, içki və tütün məhsullarının xərci ailə büdcəsində payı artmaqdadır. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər. İçki və tütün xərclərinin artması həmin məhsullarının qiymətinin yüksəlməsi ilə bağlı olsa da tələbin artması da müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda, bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır”./Qafqazinfo/