Azərbaycanda internetin sürətinin artırılması ümumilikdə xidmətin keyfiyyətində dəyişikliyin baş verməsi ilə əlaqələndirilir.
Bu gün dünyada super sürətli internetin mövcud olması ölkəmizin də internetin sürəti ilə bağlı dəyişiklikərə getməsinə gətirib çıxardı. Uzun illərdir ki, Azərbaycanda internetin sürətindəki zəiflik artıq bu aydan etibarən öz həllini tapır və ölkənin hər bir yerində yaşayan insanlarımız bu xidmətdən yararlana biləcək.
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyevin Yenicag.az-la söhbətində bildirib ki, biz həmişə çalışmalıyıq ki, inkişafın yanında olaq:
“İnkişaf, təbii ki, keyfiyyətin qalxmasıdır. Keyfiyyətin qalxması isə istər-istəməz müəyyən mənada xərclərin çoxalmasına səbəb ola bilər.
Burada əsas meyar bundan ibarətdir ki, qiymət qalxdığı anda keyfiyyət də ona nisbət olaraq, qalxmış olsun. Mənfi hal o zaman səslənə bilər ki, qiymət qalxdığı halda hər hansı bir keyfiyyət dəyişikliyi baş verməsin. Təbii ki, hazırda internetin sürətinin 100 Mb/s-yə çatdırılması və ödənişlərin minimal 25 manat civarında olması, habelə bunun avqustun 15-dən etibarən tətbiqinə başlanılması, fikrimcə, müsbət bir gedişatdır”.
Onun sözlərinə görə, get-gedə inkişaf edən informasiya texnologiyaları sahəsi, təbii ki, özü ilə birlikdə daha sürətli internet resursu tələb edir:
“Müxtəlif avadanlıqların tələb etdiyi internet sürəti isə qaneedici olmalıdır. Bilirik ki, müasir dövrdə müxtəlif formalarda distant təhsillər həyata keçirilir, eyni zamanda, bir çox şəxslər canlı şəkildə onlayn danışıqlar aparırlar, bir çox şirkətlər öz iclaslarını artıq müxtəlif onlayn video platformaları vasitəsilə həyata keçirirlər. Eyni zamanda, biz müşahidə etdik ki, pandemiya dövründə distant təhsil və video formatlardan istifadə olunması bizim daha yaxşı internet sürətinə olan ehtiyacımızı təsdiqləyir”.
B. Əliyevin qənaətinə görə, ucqar kəndlərdə sürəti aşağı səviyyədə olan, yaxud texnologiyası çox geridə olan sistem işlədən şəxslərin bu məsələdə əziyyət çəkdikləri bəlli idi:
“Amma əlaqədar qurumun artıq GPON adlanan internet şəbəkəsinin əhatə dairəsini 92%-ə çatdırması və ən ucqar kəndlərə qədər yüksəksürətli fiber-optik internet xəttinin çəkilməsi, həqiqətən də çox müsbət bir tendensiyadır. Zaman keçdikcə, bizim İKT-dən istifadəmiz get-gedə artır. Təbii ki, bu avadanlıqlar üçün yüksək sürət lazımdır ki, onlar daha normal formada internetdən istifadə etsin. Ola bilər ki, 10-15 il öncə bir evdə 1 ədəd kompüter internetə qoşulurdusa, indi artıq vəziyyət dəyişib. Belə olan halda da insanların bir qisminin sürətdən narazı olduğunu və onlayn görüşlərə, dərslərə qoşulmaqla bağlı problem yaşadığının şahidi olmuşuq. Ancaq sürətin artırılması bu kimi problemləri aradan qaldıracaq”.
O, yekunda qeyd edib ki, eyni zamanda, internetin sürətinin artırılması Azərbaycanın qlobal indekslərdə daha yaxşı yer tutması deməkdir ki, bunu da inkişafın bir göstəricisi kimi qəbul etməliyik:
“Düşünürəm ki, bu məsələlərə bir qədər real baxmaq lazımdır. Doğrudur, “bölgələrdə bəlkə də bu qədər sürətə ehtiyac olmaya bilər” fikrini bir çox ekspertlər səsləndirir. Təbii ki, hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Aydındır ki, maddi çətinlik yaşayan ailələrdə internetin pulunu ödəməklə bağlı problemlər yarana bilər. Lakin mənə elə gəlir ki, gələcəkdə provayderlər səviyyəsində bir qədər endirimlər edilərək maddi qazancı bir qədər aşağı olan ailələrə sosial köməklik, yaxud müxtəlif güzəşt təşəbbüsləri ola bilər. Hətta hazırda belə bəzi provayderlər bir neçə ay stabil ödəniş edən müştərilərinə yığdığı ballarına əsasən, müəyyən ay və günlər fonunda internet pulu almayaraq güzəştlər edir və yığdığı balları ödənişə dəyişir. Bu tipli müsbət yanaşmaları provayderlərimiz edərsə, maddi qazancı zəif olan ailələrə və şəxslərə böyük dəstək vermiş olarlar”.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev də təsdiqləyib ki, internetin sürətində baş verən artım müsbət bir hal kimi dəyərləndirilə bilər:
“Yəni həm ümumi statistik göstəricələrdə ölkəmiz müəyyən pillələrdə irəliyə doğru gedəcək, həm də istifadəçilərin çoxu “Streamig Data”, “Cloud” və IPTV xidmətlərindən daha yüksək keyfiyyətdə yararlana biləcəklər.
Bu gün dünyada 4K televiziyaların, onlayn kinoteatrların inkişafı sürətlə davam edir. Bu da, əlbəttə ki, daha yuxarı sürət tələb edir.
Amma düşünürəm ki, bütün bunların fonunda qiymətlərin artımı o qədər də yaxşı bir hal deyil. Çünki biz deyə bilmərik ki, sadalanan xidmətlərdən hamı istifadə edirdi və bundan sonra da istifadə edəcək. Ona görə ki elə insanlar var ki, onlara daha aşağı sürət yetərli idi, lakin sürət artımı ilə qiymət artımının eynilik təşkil etməsi mənfi bir haldır. Fikrimcə, qiymətlərin daha əlçatan olması saxlanılmalıydı”.
Onun sözlərinə görə, təhsildən tutmuş kommersiya xidmətlərinə qədər burada müsbət irəliləyişdən söhbət gedə bilər:
“Ən azından qarşıdan COP29 tədbiri gəlir ki, bununla bağlı ölkədəki təhsil müəssisələri distant təhsilə keçəcəklər. Bunun fonunda tələbələrin, şagirdlərin dərslərinin onlayn şəkildə təşkil etməsi, sürətin yuxarı olması daha keyfiyyətli görüntü və səsin yaranmasına gətirib çıxaracaq. O cümlədən, kommersiya xidmətləri, onlayn ticarət, bulud xidmətləri sürətə bağlı olan sahədir. Ona görə də bu fonda sürət artımı müsbət qiymətləndirilməlidir.
Lakin qiymət artımına gəldikdə, mənə elə gəlir ki, qiymət yerində qalmalı idi. Yaxud simvolik olaraq qiymətlər 18-19 manat idisə, 20 manat civarında qərarlaşsa, daha yaxşı olardı. Çünki 25 manat çox bahadır”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.
Rafi Müslümov