Azərbaycanda təhlükəli top mərmisi tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.

Yenicag.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan top mərmisidir. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Mərminin tapıldığı əraziyə yerüstü baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.