Azərbaycanda təhsil işçiləri Norveç səfirindən Avropa məhkəməsinə şikayət edəcək – SKANDAL

Azərbaycanda bir qrup müəllim Norveç Krallığının Azərbaycandakı səfirliyi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət etməyi düşünür.

Bu barədə Yenicag.az-a daxil olan məlumatda bildirilir. Məlumatda deyilir ki, “Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” Təşkilat Komitəsi tərəfindən Azərbaycandan 39 nəfərlik müəllim heyyətinin dünyanın ən qabaqcıl təhsil ölkələrindən biri sayılan Finlandiyaya səfər etmək istəyi sonda Norveç səfirliyinin müdaxiləsi nəticəsində iflasa uğrayıb:

“Avropanın və dünyanın təhsildə qabaqcıl ölkələrindən biri olan Finlandiyada elm və təhsil sahəsində təcrübəmizi artırmaq məqsədilə Azərbaycandan bir qrup təhsil işçiləri, məktəb direktorları və müəllim heyəti ilə birlikdə Finlandiyanın paytaxtı Helsinkiyə səfər etməyi planlaşdırırdıq. 24-29 may 2018-ci il tarixində Helsinkidə “Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” adlı elmi-təcrübə proqramı həyata keçirməyi qərarlaşdırdıq. Bu səfərin əsas məqsədi dünyada elm və təhsildə keyfiyyət deyildiyində ilk ağıla gələn Avropa ölkələrindən birinin təcrübəsini öyrənməkdən, həmçinin Avropa ilə Azərbaycan arasında mədəni və elmi münasibətlərin inteqrasiyasına kömək etməkdən ibarət idi”.

Qeyd olunur ki, müəllimlər Finlandiyaya getmək üçün viza məqsədiylə Norveç səfirliyinə müraciət edib. Amma səfirlik hansısa qərəzli səbəblərdən müraciət edən müəllimlərə viza verməkdən imtina edib.

Məlumata görə, Norveç Krallığının Azərbaycandakı səfirliyi vizaya imtina üçün sözügedən şəxslərə bir neçə əsas səbəb göstərib. Səfirlik yazılı olaraq iddia edir ki, Finlandiyadan göndərilən dəvət məktublarını araşdırmaq üçün Finlandiya-Azərbaycan Assosasiyası ilə heç bir halda əlaqə (telefon və ya email) saxlamaq mümkün olmayıb, Espo şəhərində yerləşən və səfər zamanı getməyi planlaşdırdığımız Juvanpuisto School adlı orta məktəbdən cavab verilməyib.

Müəllimlər isə iddia edir ki, bu səbəblərin hər biri əsassız iddialardır. Onların sözlərinə görə, Norveç səfirliyi tərəfindən adiyyatı qurumlara heç bir sorğu göndərilməyib, telefon, fax və ya email göndərilməyib:

“Norveç səfirliyi əsassız səbəblərdən 39 nəfərdən ibarət təhsil işçilərinin Avropa ölkəsinə səfərinə ciddi cəhdlə əngəl törətmişdir. Xüsusilə imtina məktublarında yazılan bir neçə məqamda azərbaycanlıların hər zaman ölkəni tərk etmə istəyinin olduğunu, bizi bu ölkəyə bağlayan heç bir səbəbin olmadığını vurğulamaqla ölkəmizin təhsil işçiləri təhqir olunmuşdur. Hər zaman insan haqlarından danışan Norveç Krallığı imtina məktubunda Azərbaycanda ictimai, siyasi və maliyyə problemlərinin olduğunu və bu səbəbdən azərbaycanlıların öz ölkələrini tərk edib başqa ölkələrdə yerləşdiyini vurğulayıb”.

Həmçinin, səfirlikdən bildirilib ki, azərbaycanlı təhsil işçilərinin Finlandiya Forumunda iştirakı və rolu vacib deyil. Müəllimlər isə bunu Norveç səfirliyinin Azərbaycanın daxili işinə müdaxilə kimi dəyərləndirir.

Qeyd edək ki, sözügedən müəllimlərin hüquqlarının pozulması ilə bağlı Norveç Krallığının Azərbaycanda yerləşən səfirliyindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək.

COP29