Azərbaycanda TENDER oyunları: ‘‘Otkat’’ın şifrələri və ya dövlət həm də belə talan edilir

Azərbaycanda dövlət satınalmaları qədər qaranlıq, qapalı və korrupsiya mənbəyi olan ikinci bir sahə bəlkə də yoxdur. Faktiki olaraq, bu gün hansısa dövlət qurumu, yaxud şirkətindən həyata keçirdiyi mal, iş və xidmətlərin satın alınması proseslərinə dair məlumat öyrənmək qeyri-mümkündür. Ən yaxşı halda tenderlərin keçiriləcəyinə dair elanları əldə etmək olur. Bu da ondan irəli gəlir ki, qanunvericiliyə əsasən, heç bir tender maraqlı tərəflərə əvvəlcədən məlumat verilmədən keçirilə bilməz. Bu tələbə formal da olsa əməl etmək üçün dövlət qurumları tender elanlarını haradasa – ya yazılı, ya da elektron mətbuatda,- yerləşdirməyə məcbur olurlar.

Dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasını həyata keçirən qurumlar arasında rayon, kənd icra strukturlarından tutmuş, nazirlik və komitələrə qədər müxtəlif səviyyəli orqanlar var. Təcrübə göstərir ki, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinin posulması müxtəlif yollarla həyata keçirilir: tender barədə elan bütün maraq göstərən tərəflərə – potensial iştirakçılara çatdırılmır, tender keçirən qalib elan edəcəyi tərəflə əvvəlcədən anlaşır, digər iddiaçıların təkliflərini ona çatdırır ki, ən əlverişli təklifi göndərə bilsin. Bundan əlavə, xüsusilə rayon icra hakimiyyətlərinin keçirdiyi tenderlər sırf formal xarakter daşıyır. Bu formallığı bir müddət əvvəl Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin “MTN işi” üzrə istintaqa verdiyi ifadə tam çılpaqlığı ilə ortaya qoyur. Qanunsuz tender razılaşmalarının kökündə dayanan əsas səbəb isə əlbəttə ki, sifariş veriləcək şirkətdən geri alınan məbləğlərdir. Qeyri-rəsmi olaraq “otkat” adlanan bu proses müxtəlif yollarla həyata keçirilir: ya sifarişi alan pulun müəyyən hissəsini əvvəlcədən ödəyir, ya pul hesabına oturduqdan sonra. “Otkat”ın əvəzində isə sifarişi alan tərəf qiymətləri istədiyi kimi müəyyənləşdirir, aşağı keyfiyyətli məhsuldan istifadə edib, baha qiymətə rəsmiləşdirir. Yeri gəlmişkən, tender qanunvericiliyinin posulması zəncirvari prosesə çevrilərək, digər sahələrdə də qanunsuzluqlara yol açır və görülən işlərin keyfiyyətinə çox ciddi təsir göstərir.

Bir çox hallarda isə tenderdən sifarişçi qurumun rəhbərinin yaxınlarına məxsus şirkətlər qalib çıxarılır.
Məsələn, “Azərsu” ASC-nin son illərdə keçirdiyi tenderlərin xeyli hissəsinin qalibi ASC sədrinin qaynına məxsus “Hidro İnşaat servis” MMC elan edilib. Faktiki olaraq, ASC-nin 2011-ci ildən bəri keçirdiyi tenderlərin yarıdan çoxunda bu şirkət pay alıb. “Hidro İnşaat servis” MMC 2011-ci ildə qeydiyyatdan keçib. “Azərsu”nun tenderlərinin əsas qaliblərindən biri olan “Hidro-Lotus” Məhdud Məsuliyyətli Cəmiyyətin də 70 faizi məhz “Hidro İnşaat servis” MMC-yə məxsusdur. Hər iki MMC 2011-ci ildə yaradılıb və elə həmin il də “Azərsu”nun tenderlərində çoxmilyonlu sifarişləri ala biliblər.

Yaxud 2016-cı ilin martında yaradılan “Star-Construktion-12” MMC ötən ilin 3-4 ayı ərzində Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş Ucar rayon mədəniyyət idarəsinədək çoxsaylı dövlət qurumlarının keçirdiyi 27 tenderdən qalib ayrılıb. Onunla eyni gündə yaradılan digər şirkət – “Kontank-F” MMC isə həmin dövrdə 28 tenderin qalibi elan edilib. Cəmi 3 ay əvvəl yaradılan bir şirkətin hansı resurslarla ölkənin ən müxtəlif yerlərində eyni vaxtda təmir, abadlıq, mal və avadanlıqların təchizatını həyata keçirdiyi çox maraqlıdır.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” qanunun VI maddəsinə (Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər) əsasən 50 min manatdan yuxarı dövlət sifarişləri müvafiq sahədə ən azı 5 il təcrübəsi olan şirkətlərə verilə bilər. Bundan əlavə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılıq tələb edilir. Yuxarıda qeyd etdiyimiz fakt göstərir ki, tender təkliflərini qiymətləndirənlər qanunun bu tələbini nəzərə almayıblar.

Bir məsələni də qeyd edək ki, son illərdə Azərbaycanda dövlət sifarişlərinin icrası sahəsində çox anormal bir hal da geniş yayılıb. Belə ki, bir nəfərin, yaxud bir ailənin bir neçə üzvünün adına yaradılan onlarla şirkət qısa bir müddətdə çoxmilyonlu layihələr üzrə tender qalibi olur, layihələr başa çatandan sonra isə şirkətlər ləğv edilir. Məsələn, “Azadlıq radiosu” ötən il Ağazamanov familiyalı 3 yaxın qohumun adına olan 40-dək şirkətin eyni vaxtda ləğv olunmasına dair məlumatla bağlı araşdırma apararkən, onların 29-nun müxtəlif qurumlardan 1 193 dövlət sifarişi aldıqları üzə çıxıb. Bu sifarişlərin ümumi dəyəri isə 33 milyon manatdan yuxarı olub.

Tender nəticələrinə dair məlumatlara nəzər yetirdikdə məlum olur ki, əksər qurumların 1 il ərzində keçirdiyi tenderlərdə bir şirkət azı 3-4 dəfə qalib gəlmiş olur. Və həmin şirkət tutaq ki, həm ərzaq, həm paltar, həm avadanlıq tədarük edir, həm də yolların, küçələrin, parkların təmirini həyata keçirir. Bəzənsə bu işlərə əlavə olaraq, uşaq bağçalarını ərzaqla da təmin edir. Əksər hallarda nizamnamə kapitalı 10 manatdan yuxarı olmayan şirkətin eyni vaxtda bu qədər işin öhdəsindən necə gəldiyi açıq qalan məsələlərdən biridir.

Məsələn, 2016-cı ildə Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi Bakı Şəhər Dezinfeksiya Stansiyasının Dərman preparatlarının, Kommunal xidmətlərin, Ehtiyat hissələrinin, Sürtkü materiallarının, Mal-materialların, Mətbəə xidmətlərinin, Dəftərxana və təsərrüfat mallarının, Dərman və sarğı ləvazimatlarının, Ərzaq mallarının, Cari təmir üçün mal-materiallarının, Xüsusi geyim və yumşaq inventarların satın alınması üzrə keçirdiyi tenderlərin hamısının qalibi EPİDBİOMED MMC olub. 11 tenderin ümumi dəyəri 327 min manat olub.

Səhiyyə Nazirliyi Sanitariya-Karantin Müfəttişliyindən isə EPİDBİOMED MMC nə az-nə çox – 8 sifariş ala bilib. Yuxarıda qeyd olunan işlərdən əlavə, “Mətbəə xərcləri və blankların satın alınması” üzrə keçirilən tenderin də qalibi olan şirkət cəmi 228 min manata yaxın vəsaiti idarə etmək imkanı qazanıb. Dövlət qurumlarının böyük rəğbətini qazanan “Epidbiomed” MMC-nin ötənilki sifarişləri bununla bitmir. Şirkət Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən 27585 manatlıq, Daxili İşlər Nazirliyi Tibb İdarəsindən 34987 manatlıq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protez-Ortopedik Bərpa Mərkəzindən 32986,3 manatlıq, Dəmir Yolları QSC Həkim-Sanitar Xidməti Yol Sanitar-Karantin Müfəttişliyindən 27098,7 manatlıq və 49477,4 manatlıq olmaqla daha 5 tenderin qalibi olaraq, 172 min manatdan yuxarı olan vəsaitləri xərcləyib. Ümumilikdə isə 24 sifariş üzrə 727 min manatlıq sifarişi əldə edib.

Qeyd edək ki, nizamnamə kapitalı cəmi 10 manat olan şirkət bundan əvvəl də çoxsaylı dövlət sifarişlərini alıb. 2004-cü ildən fəaliyyət göstərən şirkətin internet saytı www.epidbiomed.az kimi qeyd olunsa da, səhifə açılmır. Vergilər Nazirliyinin bazasında şirkətin hüquqi təmsilçisi kimi adı hallanan direktor Surxay Mustafayev bizimlə söhbətində əsas fəaliyyət istiqamətlərinin dərman preparatları və peyvəndlərin idxalı olduğunu bildirdi. Ona şirkətin udduğu bir sıra sifarişlərin kommunal xidmətlərin göstərilməsi ilə bağlı olduğunu dedikdə isə “hə, belə işlərimiz də olur; Nizamnaməmiz imkan verir, biz heç bir qanunsuz iş görmürük” cavabını verdi. S.Mustafayevin dediklərindən o da məlum oldu ki, bu qədər layihələri cəmi 35-40 nəfər işçi ilə icra edirlər.

Sonda onu da qeyd edək ki, tender prosesləri barədə araşdırmalarımız davam edir və növbəti yazılarımızda müxtəlif rayonlarda keçirilən tenderlərin nəticələrinə dair məlumatları diqqətinizə çatdıracağıq.

Yenicağ.Az Analitik Qrupu

COP29