Azərbaycanda turizmi adi işə çevirmək! – Elmir Murad yazır

Yadıma gəlir bir neçə il əvvəl biz Türkiyədəki, Gürcüstandakı turizm sektorunun inkişafına həsəd aparardıq. Xüsusən də Gürcüstanın qısa müddətdə Batumi və bir neçə şəhərlərini kurort zonasına çevirmələrinə sözün yaxşı mənasında paxıllıq edərdik. Amma zaman gəldi Azərbaycana həm Yaxın Şərq ölkələrindən, həm Avropadan kütləvi turist axını başladı. Təbii ki, bütün bunlarda Bakıda “Eurovison” musiqi müsabiqəsinin final gecəsinin, Avropa Oyunları və Formula 1 yarışlarının keçirilməsinin böyük rolu olub. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min nəfər və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 29,4 faizi Rusiya, 22,9 faizi Gürcüstan, 10,0 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, 1,9 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan, Pakistan və İsrail, 1,2 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Amma mənim fikrimcə, biz hələ də turizmin inkişafı ilə bağlı tam hədəfə çata bilməmişik. Nəzərə alsaq ki, Azərbaycanda turizm sektorunun inkişafı üçün böyük potensial var, deməli ölkəmizə gələn tursit axınını daha da artırmaq olar. Azərbaycandakı turizmin inkişafını elə həddə gətirib çıxarmaq olar ki, ölkəmizdə bu sektor sıradan bir iş halına gəlsin. Yəni bölgələrdə ailələr həm turizmlə məşğul olsun, həm pul qazansın, həm də Azərbaycanı tanıtsınlar. Bunun üçün İsmayıllıda, Masallıda, Lənkəranda, Naxçıvanda və mənim hazırda xatırlamadığım bir çox bölgələrdə yaxşı imkanlar var. Axı Azərbaycan tək Bakı və Qəbələdən ibarət deyil. Sadaladığım sözügedən bölgələrdə turizmi inkişaf etdirməklə insanların məşğullğunu artırmaq, o cümlədən onların sosial durumunu da normallaşdırmaq olar. Mənim qeyd etdiyim bu qayda artıq Yunanıstan, İspaniya və turizm ölkələri kimi ad çıxaran bir çox dövlətlərdə mövcuddur.

Məsələn çox geniş təbii ehtiyatları olmayan Yunanıstan bölgələrində əhalinin normal yaşayış şəraitini belə formalaşdırır. Artıq qonşu Gürcüstanda bu cür siyasətlə regionda turizm ölkəsi kimi ad çıxarıb. Gürcüstanın bir çox bölgələrində əhalinin dolanışıq yeri məhz turizmdən qaynaqlanır. Evini hostel kimi düzəldib turistlərə verən kim, həyətində restoran açıb işlədən kim, bələdçilik edərək qazanan kim. Artıq Azərbaycan Dövlət Turizm Agentliyi və ölkədəki turmzlə məşğul olan qurumlar bu istiqamətdə ciddi işlər görməyə başlayıb. Və ümid edirəm ki, ən yaxın gələcəkdə regionda tək turizm sektorunda Gürcüstandan geri qalan Azərbaycan bu sahədə də bölgənin lideri olacaq!

COP29