Bu gün BMM-də “Türk ocağı” təşkilatının bərpası ilə bağlı konfrans keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkilləri Cavanşir Feyziyev, Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı mədəniyyət müşaviri İrfan Çitçi, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram, İstanbul Universitetinin Türkiyat Araşdırmaları İnstitutunun direktoru, professor Mustafa Balcı,Türkiyədən gəlmiş elm adamları və media nümayəndələri iştirak edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov “Türk ocağı”nın bərpaçılarını təqdim edib. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və ardınca “Türk ocağı”nın yaranması ilə bağlı sənədli film nümayiş etdirilib.
Konfransda çıxış edən “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı “Türk ocağı”nın bərpası barədə uzun zamandır düşündüyünü deyib: “Məqsədimiz Azərbaycanın türk dünyasında yerinin, rolunun möhkəmlənməsi və ölkənin istiqlalıdır. İstəyimiz Azərbaycanda “Türk ocağı”nın bərpası ilə Orta Asiyadakı Türk respublikalarının sıx əlaqə qurmasına nail olmaqdır. Niyyətimiz “Türk ocağı”nı ideoloji mərkəzə çevirməkdir. Qısa müddət ərzində saytımız da fəaliyyət göstərəcək. Bundan əlavə 3 aydan bir jurnal da çap ediləcək”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında “Türk ocağı”nın bərpasını həyata keçirənlərə təşəkkür edib: “Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir. Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü də Azərbaycanın gücüdür. Artıq arxamızı söykəyə biləcəyimiz güclü bir Azərbaycan var. “Türk ocağı”nı bərpa edən hər kəsə minnətdaram”.
Millət vəkili Cavanşir Feyziyev qurumun fəaliyyətini yüksək dəyərləndirib:
“Qloballaşan dünyada türk mədəniyyətini, siyasətini bütün dünyaya çatdırmalıyıq. Qurumunn fəaliyyəti bu istiqamətdə yardımçı olacaq”.
Qeyd edək ki, Azərbaycan “Türk ocağı”nın bərpaçıları – millət vəkilləri Əflatun Amaşov, Qənirə Paşayeva, Cavanşir Feyziyev, Türkiyənin Azərbaycandakı mədəniyyət müşaviri İrfan Çitçi, ATİB sədri Cemal Yangın, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Əli bəy Hüseynzadənin varisi Cəmilə Hüseynzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, sözügedən əzetin baş redaktorunun birinci müavini Yusif Nəzərlidir.
Pərviz Mustafa