Azərbaycanda uçot dərəcəsi azaldılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin bu gündən 9,25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Qərar 15 mart 2019-cu ildən qüvvəyə minir.

İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edərək hədəf diapozonunun aşağısında qərarlaşıb.

Mərkəzi Bankın həyata keçirdiyi siyasətin əsas prioriteti iqtisadi aktivliyin yüksəlməsi şəraitində inflyasiyanın hədəf çərçivəsində formalaşmasını təmin etməkdən ibarətdir. 2018-ci ilin əvvəlindən bəri əhəmiyyətli yumşalmaya baxmayaraq real faiz dərəcələrinin pozitiv zonada qalması inflyasiyanın daxili və xarici risklərini neytrallaşdırmağa xidmət edir. Yenilənmiş proqnozlara görə də 2019-cu ildə inflyasiyanın hədəf daxilində (4±2%) qərarlaşacağı gözlənilir.

Cari ilin yanvar-fevral aylarında (fevral ötən ilin dekabrına nəzərən) inflyasiya 0.8% təşkil edib. O cümlədən, qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2.1% və qeyri-ərzaq məhsulları üzrə 0.2% artıb, xidmətlər üzrə isə 0.6% aşağı düşüb. Ərzaq qiymətləri başlıca olaraq mövsümi amillərdən təsirlənib. Yanvar-fevral aylarında istehlak səbətinə daxil olan məhsulların 15%-nin qiyməti dəyişməyib, 16%-nin qiyməti aşağı düşüb. Bahalaşan məhsulların 85%-nin qiymət artımı 2%-dən aşağı olub.

2019-cu ilin fevral ayında 12 aylıq inflyasiya 2.1% olub ki, bu da hədəf diapozonunun aşağı həddinə yaxındır. Orta illik inflyasiya isə yanvar-fevral aylarında 1.9% təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə (4.7%) müqayisədə 2.8 faiz bəndi azdır.

İdarə Heyətinin pul siyasətinə dair sonuncu toplantısından keçən dövr ərzində biznes sektorunun inflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik olmayıb. Mərkəzi Bankın həyata keçirdiyi real sektorun monitorinqinin nəticələrinə əsasən son 2 ayda qiymət gözləntiləri ticarətdə, qeyri-neft emal sənayesində və tikintidə azalıb, xidmət sektorunda isə artıb. Ev təsərrüfatları arasında inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin payında artım qeydə alınmayıb.

Xarici mühit əlverişli olaraq qalır. İlkin məlumatlara görə yanvar-fevral aylarında xarici ticarət balansında 986.3 mln. dollar məbləğində müsbət saldo yaranıb. İxrac 42.6%, o cümlədən qeyri-neft ixracı 16.4% artıb.

Son aylarda dünya bazarlarında əmtəə qiymətləri artım meyilli olub. 2019-cu ilin yanvar-fevral aylarında neftin dünya qiyməti orta hesabla 62 ABŞ dolları təşkil edib. Neftin qiyməti ilin əvvəlindən 26% (14 ABŞ dolları) artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri indeksi yanvar-fevral ayları ərzində 3.4% yüksəlsə də ötən ilin eyni dövrü ilə müqayisədə 2.2% aşağıdır.

Ticarət tərəfdaşı olan ölkələrdə orta inflyasiya səviyyəsi son aylar sabit qalıb, bu ölkələrin valyuta məzənnələrində kəskin tərəddüdlər baş verməyib.

İlin əvvəlindən ölkənin strateji valyuta ehtiyatları 4.1% artaraq 46.6 mlrd. ABŞ dollarına çatıb. Bu, tədiyə balansının profisitlə formalaşdığını göstərir.

2019-cu ilin əvvəlində iqtisadi artım tempinin yüksəlməsi müşahidə edilməkdədir. 2019-cu ilin yanvar ayında ötən ilin müvafiq dövrünə nəzərən iqtisadi artım 2.9% təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 2.7% olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 12.9%, kənd təsərrüfatında 2.4% artım müşahidə olunub.

Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi ötən 2 ayda qeyri-neft emal sənayesində və ticarətdə artıb, tikinti sektorunda və xidmət sahələrində isə azalma nümayiş etdirib.

İlin qalan dövründə daxili tələbin genişlənməsinin məcmu buraxılış kəsrinə azaldıcı təsir göstərəcəyi gözlənilir.

Cari ilin ötən dövründəki proseslər və yenilənmiş proqnozlar inflyasiyanın risk balansında müəyyən struktur dəyişikliklərinin baş verdiyini göstərir.

Sabitləşdirici amillərə profisitli tədiyə balansı şəraitində məzənnənin dayanıqlığı, antiinflyasyon monetar şərait, aşağı səviyyədə lövbərləşməkdə olan inflyasiya gözləntiləri aiddir.

İnflyasiyanın xarici və daxili risk amilləri də diqqətdə saxlanılır. Xarici amillərə ilk növbədə qlobal iqtisadi artımın səngiməsi şəraitində neft bazarında təklifin artması ehtimalı ilə bağlı dünya neft qiymətinin volatilliyi aiddir. Digər tərəfdən dünya ərzaq bazarlarında bahalaşma meyilinin davam etməsi ölkəyə xaricdən inflyasiya idxalı riskini artırır. Xarici ticarət tərəfdaşı olan bir sıra ölkələrdə inflyasiya və məzənnə dəyişkənliyi ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır. Daxili amillərə isə başlıca olaraq sosial xarakterli fiskal stimulların və maliyyə sektoru ilə bağlı qərarların istehlak bazarına və monetar sektora birbaşa və dolayı təsirləri aiddir.

Son dövrlər pul siyasətinin yumşaldılması ilə bağlı ardıcıl qərarlar monetar şəraitin normallaşdırılmasında əhəmiyyətli rol oynayıb. Mərkəzi Bank tərəfindən monetar şəraitin formalaşdırılması inflyasiya hədəfi və məcmu buraxılış kəsri arasında optimal balansın saxlanılmasına xidmət edir.

İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində manatla pul bazasında əhəmiyyətli dəyişiklik baş verməyib, dövlət büdcəsinin profisitindən asılı olaraq formalaşan hökumət hesabları qalığı pul bazasının dinamikasını müəyyən edən başlıca amil olub.

Real faiz dərəcəsinin pozitiv zonada olması və əmanətlərin tam sığortalanması müddətinin uzadılması şəraitində milli valyutada yığımlar cəlbedici olaraq qalır və dollarlaşmada azalma meyli davam edir.

Mərkəzi Bankın cari ildə faiz dəhlizinin parametrlərinə dair növbəti qərarları inflyasiyanın faktiki və proqnoz səviyyəsi, ona təsir edən risklər balansının qiymətləndirilməsi əsasında veriləcək.

Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarının açıqlaması 2019-ci il aprelin 26-da ictimaiyyətə təqdim ediləcək.