Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır

Bu gün Ukraynanın Azərbaycandakı səfirliyinin binasında dost ölkənin Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Yenicag.az xəbər verir ki, mərasim zamanı Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevski Ukraynanın Şamaxı şəhərindəki yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim edib.

Tərəflər Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun vəzifələri və öhdəlikləri
haqqında Sazişi imzalayıblar.

Mehrəli Qasımov Kyiv beynəlxalq münasibətlər institutunun məzunudur. SAP
və DeGolyer&amp, MacNaughton Corporation beynəlxalq şirkətlərində müxtəlif
vəzifələr tutub, fərdi sahibkardır.

Ukraynanın Azərbaycanda birinci fəxri konsulluğunun açılması iki ölkə
arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir və dövlətlərimiz
arasında ticarət-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha
genişlənməsinə uyğun şərtlər yaradır.

Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun konsulluq dairəsi
Azərbaycanın Ağdaş, Ağsu, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı
rayonlarını əhatə edir.

Cəmilə