Uşaq futbolu gənclərin fiziki və mənəvi inkişafında vacib rol oynayan idman sahələrindən biridir. Azərbaycan son illərdə uşaq futbolunun inkişafı istiqamətində müəyyən addımlar atsa da, bu sahədə hələ də bəzi çətinliklər mövcuddur. Uşaqların sağlam fiziki inkişafı və mənəvi tərbiyəsi üçün futbolun önəmi böyükdür, çünki bu idman növü onlara həm fiziki bacarıqları inkişaf etdirmək, həm də komanda işi, məsuliyyət və nizam-intizam kimi mənəvi keyfiyyətlər aşılayır.
Lakin ölkədə uşaq futbolunun inkişafı gənc nəsillərin fiziki və mənəvi tərbiyəsi üçün vacib sahələrdən biri olsa da, bu idman növü bir sıra problemlərlə üz-üzədir. İnfrastruktur çatışmazlığı, peşəkar məşqçilərin azlığı və maliyyə dəstəyinin yetərsizliyi uşaq futbolunun geniş yayılmasına və keyfiyyətli inkişafına mane olur. Xüsusilə regionlarda bu sahəyə diqqətin az olması, futbolun potensialının tam şəkildə üzə çıxmamasına gətirib çıxarır. Bu problemlərin həlli, gələcək nəsillərin sağlam və bacarıqlı şəkildə yetişməsi üçün mühüm addım olacaqdır.
Məsələ ilə bağlı Yenicag.az-ın suallarını cavablayan Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa düşünür ki, ölkədəki bütün idman arenaları uşaqların üzünə açıq olmalıdır:
“Biz kütləvi idman imkanlarını düşünməliyik. Təbii ki, bu obyektlərin saxlanmasında müəyyən qiymətlər qoyula bilər, amma dövlətə aid olan bütün komplekslərdə ən azı müəyyən vəsait qoyaraq idmana həvəs yaratmaq lazımdır.
Futbol üçün də təbii meydançalar yox səviyyəsindədir. Açılan meydançaların da ot örtüyü dəyişilməlidir. Ölkədə nə qədər meydança var ki, örtükləri dəyişilməyib. Bunlar edilməlidir ki, uşaqlarımız orada idman edib, oynaya bilsinlər. Ona görə də bu məsələdə idmana diqqətin ayrılmasına ehtiyac var. Təbii ki, fərdi qaydada idmançılarımız çıxır, Olimpiyada və digər yarışlarda uğurlar qazanırlar. Lakin alt qatda bunu kütləviləşdirsək, daha çox ölkəmiz adına idmançı yetişər”.
O, diqqətə çatdırıb ki, ölkə Prezidenti İlham Əliyev idmana böyük dəstək göstərir:
“Mehriban xanımın özü də idman sahəsinə diqqət ayırır, idmançıların yetişməsi üçün xeyli işlər görür. Alt qatda isə ayrı-ayrı icraçıların fəaliyyət intensivliyi artmalıdır ki, biz cəmiyyətdə idmanı kütləvi hərəkata çevirə biləcək. O halda futbolçu, həndbolçu və digər idmançılarımız yetişəcək. Yəni bunu həvəsləndirmək lazımdır.
Məsələn, su polosu dünyada ən vacib idman növlərindən biri olsa da, bizə aşağı səviyyədədir. Düzdür, son illərdə gimnastikanın yüksəlişi müsbət haldır, lakin indi də qızların futboluna diqqət ayırmaq lazımdır. Eləcə də otüstü xokkey gündəmdən çıxıb bizdə. Yəni bir çox idman növləri var ki, bunların ətrafında çalışmalıyıq və prosesi kütləviləşdirməliyik ki, bir çox insan gəlsin. Gənclərin pis vərdişlərdən uzaqlaşması üçün bu, olduqca vacibdir. Çünki məşğuliyyət olanda başqa sahələrə meyl edilmir.
AFFA-nın bu məsələdə nələr edəcəyini söyləməkdə çətinlik çəkirəm, çünki konkret olaraq hansısa konsepsiya və proqram ortaya qoyulmayıb. Nə etmək istəyirlər, hansı stadionların salınması nəzərdə tutulur, bilmirəm. Düşünürəm ki, idmanın inkişafı üçün futbolla bağlı II dövlət proqramı qəbul olunmalıdır. Çünki I proqramın müddəti keçib. Qısacası, bunların hamısı kompleks şəkildə həllini tapmalıdır”.
Futbol üzrə mütəxəssis Aslan Kərimov isə qeyd edib ki, Azərbaycanda futbolla məşğul olanların sayı kifayət qədər deyil və bunun bir çox səbəbləri var:
“Məsələn, dünyada inkişaf etmiş ölkələri götürsək, görəcəyik ki, orada futbolla məşğul olanların sayı həddindən artıq çoxdur. Bu kütlənin içərisindən futbolçu seçmək və onların sonradan peşəkar olmaları daha asan başa gəlir. Təbii ki, burada “kütləviliyi çoxaltsaq, futbol inkişaf edəcək” fikri yanlışdır. Amma ilk problemlər buradan başlayır.
Daha sonra uşaqların inkişafında kifayət qədər mütəxəssislərimizin olmamasıdır. Mütəxəssislərlə yanaşı bu məsələ infrastrukturumuzun zəif olması da özünü göstərir. Doğrudur, bölgələrdə stadionlarımız var, amma futbol akademiyalarımız azdır və uşaqlarımızın məşq etməyə imkana o qədər də çox deyil. Burada qlobal problemlərdən biri də şəhərsalma məsələsidir. Çünki ölkəmizdə uşaqlarımızın həyətdə futbol oynaması üçün kifayət qədər yerləri yoxdur. Hazırkı duruma baxsaq, kiminsə küçədə futbol oynadığını nadir hallarda görə bilərik. Təbii ki, bu da futbolun inkişafına təsir edən faktorlardandır”.
“Çıxış yolları isə ondan ibarətdir ki, burada hər şeyi həll edən məhz maliyyə məsələsidir. Onu da deyim ki, maliyyə baxımından kasıb ölkə deyilik. Ən azından, futbola pul ayıran ölkələrdən daha çox pulumuz var. Lakin, əfsuslar olsun ki, hər kəs yalnız peşəkarlara maliyyə buraxır. Çünki qısa zaman kəsiyində uğuru yalnız onlarla futbol ictimaiyyətinə göstərmək mümkündür. Əslində, UEFA və FIFA bütün klubların akademiyalarına pullar ayırır” – əlavə edib.
Mütəxəssis hesab edir ki, infrastruktur və akademiya üçün ayrılan maliyyənin çoxu A komandasına xərclənir:
“Hər kluba 300-500 min avro pul ayrılırsa, klublar bu pulu oyunçu alqı-satqısına və digər işlərə xərcləyirlər. Uşaq komandasına da bəlli bir büdcə ayırırlar ki, bununla da yol qət etmək mümkün olmur. Son dövrlərdə bəzi akademiyalar bu enişi düzəltməyə çalışırlar. Məsələn, “Qarabağ”ın akademiyası artıq bu işlərə start verib. İndi isə görünür ki, akademiyada oynayan uşaqların oyunlarında canlanma özünü büruzə verir.
Əlbəttə ki, burada məşqçilərimizi qırağa qoya bilmərəm, çünki inkişaf baxımından onların da üzərinə böyük məsuliyyət düşür. Lakin Azərbaycanda bir çox məşqçilər lisenziyanı hüquqi bir sənəd kimi əldə etməyə çalışırlar. Lisenziyadan sonra isə onlar artıq istədikləri kimi məşq keçirlər. Daha sonra məşçqilərdən aşağı yaş qruplarında nəyin bahasına olursa olsun, öyrətməyə yox, birinci-ikinci yerə çıxmağa cəhd edirlər. Belə bir iddia varsa, onların inkişaf etmələri mümkünsüzdür. İnkişaf üçün bu uşaqlar səhv etməli, məğlub olmalıdır ki, inkişaf etsinlər. Qısacası, bu problemi uzun-uzadı müzakirə etmək mümkündür. Mənim klublarımızda qarşılaşdığım vəziyyət bundan ibarətdir. Bəzən bir klubun bir dənə meydançası olur deyə 2-3 yaş qrupları meydançanı bölüşdürüb məşq edirlər. Yəni biz meydançanı bölülürüksə heç bir uğur əldə edə bilməyəcəyik. Hər halda, problemlər həddindən artıq çoxdur.
Bizim regionlarımızda da bu vəziyyət yaxşı deyil. Biz kənd uşaqlarından yaxşı idmançı çıxara bilərik, amma bu uşaqların heç birinin futbol oynamaq imkanı olmur. Odur ki, məhz bunun üçün regionlarımızda bu prosesi aktivləşdirməliyik”.
Rafi Müslümov
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.