Azərbaycanda valideynlər uşağa işgəncə verib, diləndirirlər? – YENİLƏNDİ/FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda valideynləri tərəfindən diləndirilən doqquz yaşlı uşağın aşkarlanması barədə daha bir açıqlama verib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, artıq o, Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib:

“Uşağın vəziyyəti qiymətləndirilib və hazırda müayinədən keçirilir. Güman edirik ki, sağlamlığına təhlükə törədəcək yaralar yoxdur”.

Qeyd edək ki, uşağın diləndirilməsi faktı öz əksini tapsa, valideynlər məsuliyyətə cəlb ediləcəklər.

***

12:17

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin polis əməkdaşları diləndirilən doqquz yaşlı uşağı aşkarlayıblar.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, uşaq evinə qaytarılmamaq üçün polislərə yalvarıb:

“Uşaq dəhşətlər yaşayıb… Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var… Hər gün 70 manatdan çox pul qazanıb. O puldan özünə yemək xərci üçün götürəndə anası döyüb. Bu, azmış kimi, hər dəfə atasına da döydürüb. Valideynlər cəzalandırılmalıdırlar”, – K.Ağazadə qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ nəzarətdədir və araşdırılır.

 

COP29