Əhməd Qəşəmoğlu: “Onlar öz mənfəətlərini əsas götürərək əhalinin bayram sevincindən bu qayda ilə yararlanırlar”.
Akif Nəsirli: “Artıq bir ay öncədən yeni il məhsullarının satışa çıxarıldığı müşahidə edilir”.
Cari ilin başa çatmasına hələ bir ay qalsa da, Bakının əksər ticarət şəbəkələrində və müxtəlif məkanlarında artıq yeni il ab-havası “yaradılmaqdadır”. Başqa sözlə desək, həmin ticarət və əyləncə mərkəzləri əhalini vaxtından xeyli əvvəl yeni il ovqatına salmaq üçün hərəkətə keçiblər.
Mövzu barəsində Yenicag.az-a danışan sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, istehsalçılar və ticarətçilər əhalinin bayram sevincindən bu sayaq sui-istifadə edirlər:“Yeni ilin gəlməsini hami səbirsizliklə gözləyir. Lakin bu ərəfələr istehsalçılar və ticarətçilər üçün daha çox arzu olunan zaman kəsimidir. Bazar iqtisadiyyatının qanunlarına görə, yeni il ərəfələrində məhsullar bahalaşır. Yeni illə bağlı kiçik bəzək əşyalarına belə yüksək qiymətlər qoyulduğunun şahidi oluruq.
Onlar öz mənfəətlərini əsas götürərək əhalinin bayram sevincindən bu qayda ilə yararlanırlar. Düşünürəm ki, əhalinin maddi vəziyyətini nəzərə alaraq, müəyyən qurumlar tərəfindən bayramqabağı qiymətlərə nəzarət edilməlidir”.
İqtisadçı Akif Nəsirli isə Yenicag.az-a açıqlamasında ticarət mərkəzlərinin vaxtsız yeni il hazırlığını onların kommersiya maraqları ilə əlaqələndirib:“Artıq bir ay öncədən yeni il məhsullarının satışa çıxarıldığı müşahidə edilir. Bununla da istehsalçılar və ticarətçilər bayram ərəfəsindən daha çox yararlanırlar.
Həmçinin qeyd edim ki, Yeni il qabağı növbəti bahalaşmanın yaşanacağı da gözlənilir. İnsanların hansı məhsullara tələbatı çoxalırsa, həmin məhsulların qiyməti artır.
Hər il bayram ərəfəsində yeni il bəzəkləri ilə yanaşı, ərzaq məhsulları da bahalaşır. Buna səbəb Azərbaycanda bazar rəqabətinin olmamasıdır. Bazar rəqabəti olmadığına görə, sahibkar yalnız dövriyyəni nəzarətdə saxlaya bilir və dövriyyə böyüdükcə, qiymətlər də artırılır”.
Nuray Məmmədzadə