Azərbaycanda və qonşu ölkələrdə QİYMƏT FƏRQİ: “İqtisadiyyat məmurların maraqlarından xilas olsa…”

“Mərkəzi Bank da özünün prudensial tədbirlərini davam etdirməklə, inflyasiyanın artmasına səbəb olub”.

Bu fikirləri Azərbaycanda bahalaşmanı şərtləndirən və inflyasiyanı artıran amilləri şərh edən iqtisadçı Elçin Rəşidov Yenicag.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda infilyasiyanı suni amillər artırır.

“Azərbaycanda ciddi suni qiymət artımı müşahidə olunur və qeyd edim ki, bu bahalaşmaya görə kiçik, yaxud orta sahibkarları günahlandırmaq doğru olmazdı. Bu suni qiymət artımı yalnış iqtisadi siyasətin nəticəsidir. Qiymətlərin yüksək olmasını birbaşa mövcud inflyasiya şərtləndirir.

Azərbaycanda qiymət artımı digər qonşu dövlətlərlə müqayisədə xeyli yüksəkdir. Son 7 ildə Azərbaycan manatının dollara nisbətdə məzənnəsi sabit qalıb. Amma buna baxmayaraq, manat 35 faiz dəyər itirib. Yəni məzənnə dəyişməsə də, manatı dollara çevirib xarici ölkələrdən məhsul alarkən, sahibkar 35-40 faiz daha artıq məhsul ala bilir. Bu isə yerli istehsalçı üçün neqativ haldır.

Yəni manatı dollara çevirib idxal əməliyyatını onunla aparmaq daha sərfəlidir, çünki yerli bazarda qiymətlər bahadır. Pandemiyadan sonrakı illərdə dünyada ərzağın qiyməti ucuzlaşmışdı. Bizdə isə ərzaq məhsulları 2022-ci ildə 20 faiz, 2023-cü ilə isə 10 bahalaşmışdı. Bu da suni qiymət artımının fəsadlarıdır.

Nazirlər Kabinetinin, o cümlədən, İqtiadiyyat Nazirliyinin təşəbbüsü ilə antiinflyasiya tədbirləri həyata keçirilir. Lakin bu tədbirlər adının əksinə olaraq, inflyasiyanı daha da artırır. Eyni zamanda, Mərkəzi Bank da özünün prudensial tədbirlərini davam etdirməklə, inflyasiyanın artmasına səbəb olub.

Prudensial tədbirlər dünyanın hər yerində qiymətləri artıracaq tədbirlər kimi nəzərdə tutulur və bu addımlar inflyasiyanın çox aşağı olduğu hallarda həyata keçirilməlidir. Düşünürəm ki, iqtisadiyyat daha da liberallaşsa, bəzi məmurların maraqlarından və Mərkəzi Bankın qeyd etdiyimiz yalnış siyasətindən xilas olsa, inflyasiya da ildən ilə azalacaq, həmçinin qeyri-neft sektorunda canlanma müşahidə olunacaq”.

Nuray Məmmədzadə

COP29