Elektron Təhlükəsizlik Xidməti “WhatsApp+” tətbiqi ilə bağlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti vətəndaşları tətbiqləri yükləyərkən diqqətli olmağa çağırırb.
Qeyd edilbi ki, Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşların üzləşdiyi maliyyə itkisinin və cihazlarının zərərverici proqramlarla yoluxmasının əsas səbəbinin “WhatsApp+” və bunun kimi rəsmi müəllifi tərəfindən yayımlanmayan və etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verdiyi müəyyən olunub.
“Həmçinin müşahidələr göstərir ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək üçün istifadə edir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi hallara diqqətlə yanaşmağı, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, tətbiqləri yükləyərkən verilən icazələri nəzərdən keçirməyi tövsiyə edir”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycanda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pulların oğurlanması ilə bağlı faktlar aşkarlanıb.
***
10:36
Azərbaycanda “WhatsApp+” istifadəçilərinə təcili xəbərdarlıq edilib.
Yenicag.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas bildirib.
Onun sözlərinə görə, hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır: “Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir. Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir. Vaxtında dövlət qurumları, şəxsən mən bar-bağırırdım ki, zibil saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi Bankları günahlandırır”.