“Müasir texnologiyalardan yararlanmaqla, Xəzərin suyundan istifadə etməyin zamanının yetişdiyi qənaətindəyəm”.
Bu fikirləri Dünya Bankının “Azərbaycanın iqliminə və inkişafına dair hesabat”ında Azərbaycanın sərhədlərarası su mənbələrindən asılılığına dair qeydlərə münasibət bildirən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, kənd təsərrüfatında intensiv istehsal üsuluna keçərək, suya qənaət şəraitində daha çox məhsul istehsalı təmin olunmalıdır:
“Azərbaycanın şirin su mənbələrinin 60-70 faizi xarici ölkələrdə formalaşır. O cümlədən, qlobal iqlim dəyişiklikləri və yağıntıların miqdarının azalması su ehtiyatlarının azalmasına təsir göstərir.
Düzdür, sərhədlərimizdə axan çayların suyundan birgə istifadə olunmasına dair müvafiq razılaşmalarımız var. Amma əsas problem çaylarda suyun səviyyəsinin aşağı düşməsi ilə bağlıdır.
Ona görə də artıq dəniz suyunun saflaşdırılması ilə əlaqədar lahiyələrin icra edilməli olduğunu düşünürəm. Məsələn, İsrailin şirin suya olan tələbatının 80 faizə qədəri məhz dəniz suyunun saflaşdırılması sayəsində ödənilir.
Bu baxımdan, müasir texnologiyalardan yararlanmaqla, Xəzərin suyundan istifadə etməyin zamanının yetişdiyi qənaətindəyəm. Həm də çayların üzərində su anbarları inşa olunmalı və payız-qış aylarında anbarlarda su ehtiyatları yaradılmalıdır.
Dövlətimizin bu istiqamətdə xüsusi proqramları var və onların icra olunması, həmçinin su mənbələrindən səmərəli istifadə edilməsi yaxın gələcəkdə su təminatını problemsiz həyata keçirməyə yol açacaq.
Kənd təsərrüfatında intensiv istehsal üsuluna keçərək, suya qənaət şəraitində daha çox məhsul istehsalı təmin olunmalıdır. Həm yeni su ehtiyatları yaradılması və suvarma suyundan qənaətlə istifadə olunması yaxın gələcək üçün çox aktual məsələlərdir”.
Yusif Səmədzadə