Azərbaycanda yaranan PUL QITLIĞI: “İqtisadi fəallığın kəskin azalması səbəbindən…” – Professorun ŞƏRHİ
“Mərkəzi Bank kommersiya banklarını daha yumşaq faizlərlə maliyyələşdirərək, iqtisadiyyata investisiya artımını reallaşdırmalıdır”.
Bir neçə gün öncə Mərkəzi Bank tərəfindən “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası” təsdiqlənib.
Qaydaya əsasən, bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 2020-ci il sentyabrın 30-na qədər təxirə salınır. 2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməyəcək. (Kreditlərlə bağlı nəzərdə tutulan qaydalar ilə BURADAN daha ətraflı tanış ola bilərsiniz)
Yeni qayda ilə bağlı iqtisadçı Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, mövcud şəraitdə iqtisadiyyatda cərəyan edən neqativ proseslər səbəbindən işgüzar fəallılıq azalıb. Bu, çox ciddi xarici iqtisadi təsirlərlə bağlıdır. Bununla yanaşı, ölkədə pul kütləsinin kəskin qıtlığı hiss olunmaqdadır:
“Bu baxımdan Mərkəzi Bank tərəfindən kapitalın adekvatlığı əmsalının azaldılması doğru addımdır. Verilmiş qərarın kökündə ölkədə kreditləşmənin daha aktiv şəkildə reallaşdırılması və investisiya axınlarının iqtisadiyyata doğru daha da sürətləndirilməsi durur.
Ölkə iqtisadiyyatına investisiyaların artırılması olduqca mühümdür. Eyni zamanda, Mərkəzi Bank tərəfindən həyata keçirilən pul-kredit siyasəti şaxələndirilməli və diferensial şəkildə reallaşdırılmalıdır. Pul kütləsinin iqtisadiyyata və real sektora daha aktiv daxil olması və düzgün idarə edilməsi olduqca zəruridir”.
Gülşən Şərif