“Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan hökumətinin prioritet vəzifələri sırasındadır”.
Bu fikirləri Azərbaycanda bərpa olunan enerji sektorunun inkişaf tempi haqda danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə, Azərbaycan bu sektorun inkişafına yönəlik tədbirlər çərçivəsində nəhəng enerji şirkətləri ilə anlaşmalar imzalayıb:
“Azərbaycan neft-qaz ölkəsi olsa da, sosial-iqtisadi prioritetləri sırasında “yaşıl enerji” sektorunun inkişafı ön sıradadır. Ölkəmizdə bu sektorun inkişafı üçün əlverişli iqlim şəraiti mövcuddur. Xüsusilə, Abşeron, Siyəzən, Neftçala, Biləsuvar bölgələrində, işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ regionlarında zəngin külək və günəş enerjisi resursları var.
Statistikaya əsasən, Azərbaycanın quruda külək və günəş enerjisi resurslarının həcmi 27 qeqavatdır. Xəzər dənizinin Azərbaycan sektorunda bu rəqəm 157 qeqavat təşkil edir. Bərpa olunan və “yaşıl enerji” əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcıdır.
Energetika sahəsində bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan hökuməti tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb. Buna uyğun olaraq, 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Xarici sərmayədarlarla bir sıra önəmli sazişlər imzalanıb. 2020-ci il dekabrın 30-da Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. 2022-ci il yanvarın 13-də “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
2022-ci il martın 15-də Bakıda keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb. 2022-ci il dekabrın 15-də Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb.
2023-cü ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı baş tutub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır. Göründüyü kimi, Azərbaycan bu sektorun inkişafı ilə bağlı nəhəng enerji şirkətləri ilə anlaşma imzalayıb. Həmin sazişlərə uyğun, olaraq quruda, həm də dənizdə 25 qeqavat gücündə bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Eyni zamanda, Azərbaycan Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal iş aparır”.
Nuray Məmmədzadə