Azərbaycanda yazlıq soğan əkinlərinin sığortalanması mövsümü başlayıb və onun çərçivəsində hesablanmış sığota haqqının yarısı fermerə dəstək məqsədilə dövlət tərəfindən ödənilir.
Yenicag.az xəbər verir ki, fermerlər fevral-mart aylarında Fondun 1651 nömrəli Çağrı mərkəzinə zəng edərək öz təsərrüfatlarını müxtəlif təbii risklərdən sığortalaya bilərlər.
“Azərbaycanda ən çox yetişdirilən və istehlak olunan tərəvəz məhsullarından biri soğandır. Təqribi hesablamalara görə, ölkədə bir nəfər il ərzində 18 kiloqramdan çox soğan istifadə edir. Rəsmi məlumatlara əsasən, Azərbaycanda 5 280 hektar ərazidə soğan əkilir. Yerli soğan istehsalı daxili bazarın bütün ehtiyacını təmin etməklə yanaşı, həm də xarici bazarlarda da satılır. 2022-ci ilin rəsmi statistikasına görə ölkə üzrə soğan istehsalı 275 min tona çatıb. Təkcə keçən il 22,6 min ton soğan xaricə ixrac olunub, ixracdan əldə edilən gəlir isə 6,7 milyon ABŞ dolları təşkil edib, bu rəqəmlər ilbəil artmaqdadır”,- məlumatda deyilir.
Bildirilib ki, Azərbaycanda mülayim iqlim şərtləri ildə iki dəfə – yazlıq və payızlıq soğan əkini həyata keçirməyə imkan verir. Düzgün qulluq, gübrələrin vaxtında verilməsi nəticəsində soğandan yüksək məhsuldarlıq əldə etmək mümkündür. Yerli soğan sortları Azərbaycanda və xarici bazarlarda mövsümdən asılı olmayaraq ilboyu yüksək tələbatla satılır, Fond əlavə edib.
Ölkədə soğan əkin sahələrin böyük hissəsi Qarabağ, Qazax-Tovuz, Mil-Muğan və Lənkəran-Astara iqtisadi rayonlarında yerləşir. Ən böyük baş soğan sahələri Bərdədədir – rayonda 1 744 ha ərazidə soğan əkilir. Ağdamda 1 079 ha, Beyləqanda 635 ha, Ağcabədidə 453 ha, Ağcabədidə 453 ha ərazidə soğan becərilir.
“Soğan hava şəraitinə, bitki xəstəliklərinə, xüsusilə də saxlanma şərtlərinə qarşı həssas bitkidir. Məhz bu səbəbdən Aqrar Sığorta Fondu tərəfindən soğan sahələrinin 50 % dövlət yardımı ilə sığortalaması imkanı yaradılıb.
Sadə misalla ifadə etsək, ölkənin ən çox soğan istehsalı bölgələrindən olan Qarabağ, Gəncə-Daşkəsən və ya Qazax-Tovuz regionlarında 1 000 manatlıq baş soğan məhsulunun baza sığorta zərfi ilə sığorta haqqı 32 manatdır. Fermer bu məbləğin cəmi 16 manatını ödəyərək öz məhsulunu sığorta etdirə bilər. Mərkəzi Aran, Quba-Xaçmaz və Lənkəran-Astara regionları üçün bu rəqəm cəmi 8 manat, Şəki-Zaqatala üçün 17 manat, Dağlıq Şirvan regionunda isə cəmi 10 manat təşkil edir”, – məlumatda deyilir.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta vasitəsilə ümumilikdə 41 bitki üzrə 48 bitkiçilik məhsulu sığortalanır. Bura tarla əkinləri, meyvə bağları, tərəvəz bostan bitkiləri və texniki bitkilər aiddir.
Aqrar sığorta vasitəsilə əkin sahələrini müxtəlif risklərdən – dolu, sel-subasma, fırtına, qasırğa, normadan artıq yağıntı, yanğın, 3-cü şəxslərin hərəkətlərindən sığortalamaq mümkündür.
Sığortadan faydalanan fermerlərin sayı sürətlə artmaqdadır. 2023-cü ildə baş vermiş sığorta hadisələrinə görə fermerlərə indiyədək 4,4 milyon manat ödəniş olunub. Hazırda zərərlərin hesablanması və ödənişlər davam edir və bu rəqəmin 8 milyon manata çatması gözlənilir.