Azərbaycanda yeni agentlik yaradılır – Prezidentdən fərman

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılır.

Yenicag.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 6 noyabr tarixli “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında” fərmanında bildirilir.

Fərmanda qeyd edilib ki, agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiyayönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək nazirliyin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” MMC öz fəaliyyətlərini davam etdirəcək.

COP29