Azərbaycanda yeni avtomobil yolu inşa edilir – VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə İsmayıllıda ümumi uzunluğu 54 km və 52 min əhalinin yaşadığı 69 yaşayış məntəqəsini əhatə edən yolun tikintisi həyata keçiriləcək.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, başlanğıcını Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 5-ci km-dən götürən yerli əhəmiyyətli Kəlbənd-Girk avtomobil yolu İsmayıllı rayonunda yenidən qurulması nəzərdə tutulan yollardan biridir. 14 km uzunluğa malik olan yol əsasən torpaq örtüklü və ensiz olması gediş-gəlişdə çətinliklərin yaranmasına səbəb olurdu. Bu səbəbdən sözügedən yol IV texniki dərəcəyə uyğun inşa edilir.

Tikinti layihəsinə uyğun olaraq 10 metr enində yeni yol yatağı inşa edilir. Bunun üçün hazırda 6 km-lik hissədə yolun profilə salınması və genişləndirilməsi, relyefdən aşağı olan hissələrin normativ hündürlükdə qaldırılması məqsədi ilə çınqıl materialı tökülərək kipləşdirilir. 2 km-lik hissədə bu işlər yekunlaşdırılaraq əsasın alt layının qum-çınqıl qarışından inşası işləri aparılıb. Ardınca optimal-qırmadaş qarışığından əsasın üst layının tikintisi işləri aparılacaq. Torpaq işləri 100 min kvadratmetr ərazini əhatə edir.

Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yolun asfaltlanması işlərinə başlanılacaq. Mövcud tikinti norma və standartlar əsasında yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Yol boyu süni qurğu və suötürücü borulara gəldikdə isə, 1 ədəd suötürücü qurğunun tikintisi, həmçinin zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün mövcud boruların bərpa edilərək işlək vəziyyətə salınması, həmçinin müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri nəzərdə tutulub.

Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

COP29