Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanda yeni “Cinayət və cəza” mexanizmi: “Ağır cinayətlər buraya daxil deyil” – Vəkil

Azərbaycanda bəzi cinayətlərə görə cəzaların yüngülləşdirilməsinə yönələn qanunvericilik təşəbbüsü geniş müzakirələrə səbəb olub.

Yenicag.Az xəbər verir ki, prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı Sərəncamdan irəli gələn zəruri addımlar atılmaqdadır.
Məlumata görə, bu çərçivədə Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə və Daxili İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb. Formalaşdırılan İşçi qrupunun konkret cinayətlər üzrə cəzaların yüngülləşdirilməsinə dair hazırladığı təkliflər artıq Milli Məclisə göndərilib. Layihədə böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb.
Bu barədə Yenicag.Az-a danışan tanınmış vəkil İradə Cavadovanın fikrincə, ölkənin cəza qanunvericiliyinə təklif olunan bu dəyişikliklər aktualdır və müsbət qarşılanmalıdır:

“Bildiyimiz kimi bu məsələlər layihə formasında təqdim olunub və hələ təsdiqlənməyib. Bununla belə, mən bu təşəbbüsü müsbət qiymətləndirirəm. Doğrudan da törədilən bəzi cinayətlər üzrə cəzaların azaldılması məqsədəuyğundur.
Xatırladım ki, uzun müddətdir, hüquq müdafiəçiləri, QHT-lər, elə bizim təşkilat da bu məsələni dəfələrlə qaldırıblar. Məsələn, bu çərçivədə 234.1-ci maddə üzrə cəzanın azaldılmasının zəruriliyini bəyan etmişik.

Bildirirdik ki, bir çox hallarda hüquq-mühafizə orqanlarında sui-istifadə hallarına yol verilir, şübhəli şəxslərə hədə-qorxu gəlirlər, müayinə və müalicəyə ehtiyacı olanlara zəruri tibbi yardım göstərilmir və sair.

Mən başa düşürəm, istintaqın öz qaydaları var, ancaq bu dediyim məsələləri də həll etmək mümkündür. Burada digər başqa məqamları, xüsusilə, narkotik maddələrin satışı ilə məşğul olan şəxslərin durumunu da qeyd edə bilərik.
Hər halda, həyatında ilk dəfə cinayət törədən, səhv edən insana özünü düzəltmək üçün şans vermək heç də pis olmazdı. Digər tərəfdən, elə cinayətlər var ki, onlara görə həbs yox, cərimə də tətbiq oluna bilər. Məsələn, borc məsələsi, yaxud da hansısa öhdəliyin yerinə yetirilməməsi adı altında sui-istifadə hallarına rast gəlinir.

Açığı, o layihədə təklif olunan dəyişikliklərlə tam tanış olmadığımızdan, bu barədə hələ ki ehtimallar üzərində danışırıq. Ancaq burada sözsüz ki, ağır olmayan, ictimai təhlükə yaratmayan cinayətlərdən söhbət gedir. Yəni ağır cinayətlərə görə cəzaların yüngülləşdirilməsindən söhbət gedə bilməz.

Düzü, bu barədə hansı məqamların layihədə əks olunub-olunmadığını bilmirəm. Məsələn, Cinayət Məcəlləsində hər hansı bir cinayət üçün 3 ildən 7 ilə qədər cəza nəzərdə tutulub. Fikrimcə, bu, düzgün deyil və korrupsiyaya gətirib çıxaran bir məqamdır. Yəni o cəzanın 3 ildən 5 ilə qədər olması daha düzgündür, nəinki 3 ildən 7 ilə və ya 6 ildən 12 ilədək…

Bayaq da dedim, əgər bir borc məsələsində alınmış məbləğ geri ödənilibsə, tərəflər öz aralarında barışığa gəliblərsə, nəyə görə cinayət işi açılmalıdır? Onlardan başqa, bir çox digər məsələlər də var – ancaq onların layihədə əks olunub-olunmadığını bilmirəm. O sırada aliment və uşaqla ünsiyyət məsələlərini də qeyd etmək olar. Baxırsan, sadə işdir, ancaq bununla bağlı aylarla, illərlə uzanan, hətta Ali Məhkəməyə qədər gedib çıxan iddiaları var. Məncə, bu məsələlərin də sadələşdirilməsi vacibdir.

Yəqin ki, o dəyişikliklər qanunda aydın şəkildə əks olunacaq və istintaq müddətində, məhkəmələrdə onlara riayət ediləcək. Bütün hallarda ümid edirəm ki, həmin dəyişiklikləri qələmə alan mütəxəssislər, ekspertlər o maddələri elə aydın və dəqiq dildə yazacaqlara ki, manipulyasiyaya yer qalmayacaq”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

787
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM