“Azərbaycanda yeni qanuna deyil, siyasi partiyalara münasibətin dəyişməsinə ehtiyac var” – RƏY

“Partiyalar hazırda elə vəziyyətə salınıblar ki, onların fikirləri nə hökumət tərəfindən nəzərə alınır, nə də cəmiyyətdən reaksiya verilir”.

Bu fikirləri ölkədə fəaliyyət göstərən partiyaların bir çoxunun “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə yönəlik hər hansı formada mövqe bildirməməyinin səbəblərinə toxunan Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, partiyaların mövqeyindən asılı olmayaraq, parlament müzakirələrində sözügedən layihəyə fundamental dəyişikliklərin ediləcəyi gözlənilmir:

“Əslində, bu qanun layihəsi partiyaların fəaliyyətinin tənzimlənməsini nəzərdə tutduğu üçün siyasi partiyaların həmin sənəd ətrafında fəallıq göstərmələri, fikir bildirmələri və davamlı müzakirələr keçirmələri gözlənilirdi. Ancaq təəssüf ki, bunun şahidi olmuruq.

Qeyd etmək istərdim ki, layihənin ilkin variantı açıqlandıqdan sonra bizim partiya da daxil olmaqla, bir sıra partiyalar öz təkliflərini hazırlayıb təqdim etmişdilər. Bu çərçivədə təşkil olunan dinləmələrdə iştirak edən partiyaların da bir çoxu sənədlə bağlı öz mövqelərini diqqətə çatdırmışdılar.

Ancaq bunu bütün partiyalara şamil etmək olmaz. Bu barədə səslərini çıxarmayan partiyalar ola bilsin, öz imkanlarına əmin deyillər və ona görə də hakimiyyətin loyal münasibətinə, onların qeydiyyat məsələsinə problem yaratmayacağına ümidlənərək, heç nə demirlər. Mən bu fikri bir ehtimal kimi bildirirəm.

Digər tərəfdən, Azərbaycanda yeni qanuna deyil, siyasi partiyalara münasibətin dəyişməsinə ehtiyac var. Çünki partiyalar hazırda elə vəziyyətə salınıblar ki, onların fikirləri nə hökumət tərəfindən nəzərə alınır, nə də cəmiyyətdən reaksiya verilir. Ona görə də bu yanaşmanın dəyişməli olduğunu düşünürəm.

Artıq birinci oxunuşdan keçən layihəyə hansısa fundamental dəyişikliklər ediləcəyini də düşünmürəm. Ölkənin praktikası bizi belə düşünməyə sövq edir. Bununla belə, hər zaman müəyyən istisnaların olduğu da unudulmamalıdır”.

A.Zeynalov