İnternet mətbuatının bir-biri ilə sağlam rəqabət dönəmində daha bir informasiya agentliyi – DOĞRU.AZ fəaliyyətə başladı.
Yenicag.az xəbər verir ki, DOĞRU.AZ-ın adından da göründüyü kimi hədəfi hadisə yerindən xəbərləri adına uyğun olaraq, doğru, düzgün, dəqiq və bütün hüquqlar çərçivəsində oxucuların diqqətinə çatdırmaqdır. Yeni yaradılmış xəbər portalının məqsədi Azərbaycanın ictimai, siyasi, sosial, mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlərlə oxucuları agah etməkdir. Dövlətçilik maraqlarını qorumaq və cəmiyyəti məlumatlandırmaq DOĞRU. AZ-ın başlıca şüarıdır. Yeni istifadəyə verilmiş agentlik xəbərlərini sosial şəbəkələr vasitəsi ilə yayımlayaraq, oxucuları tez bir zamanda yeniliklərlə xəbərdar etməyi özünə borc bilir.
Yeni yaradılmış informasiya agentliyinin vəzifəsi yalnız xəbərlər yayımlamaq deyil, həm də fiziki və hüquqi şəxslərlə görüşmək, reportajlar təqdim etməkdir. Bununla yanaşı rüşvətə və korrupsiyaya bulaşmış məmurları ifşa edərək, Azərbaycanın adına ləkə gətirmələrinin qarşısını almaqdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan mətbuatına, eləcə də mətbuat nümayəndlərinə göstərdiyi qayğı və diqqət onu deməyə əsas verir ki, Azərbaycan mətbuatı etibarlı əllərdədir. Hər gün çiçəklənərək, uğurlar qazanan Azərbaycan hər bir sahədə olduğu kimi mətbuat sahəsində də, dünya arenasında öz sözünü deyərək, layiqli imzasını atıb.
Yeni yaradılmış DOĞRU.AZ informasiya agentliyinin rəhbəri İlqam Cəbiyevə bu çətin, yorulmaz işində uğurlar, informasiya agentliyinə isə geniş oxucu kütləsi arzulayırıq.