“İndiki dövrdə özümüzü bəzi Avropa ölkələri ilə müqayisə etməyimizin zamanı deyil”.
Bu fikirləri ölkədə 4 günlük iş rejiminə keçidin mümkünlüyü haqda danışan professor Əhməd Qəşəmoğlu Yeniçag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, 4 günlük iş həftəsinə keçid yüksək inkişaf etmiş ölkələrdə müzakirə predmetidir:
“Düşünürəm ki, Azərbaycanda hələ 4 günlük iş rejiminə keçidin zamanı deyil. Ölkəmizdə çox böyük quruculuq işlərinə başlamaq lazımdır və bunun üçün 5 günlük iş rejiminə ehtiyac var.
Seçkilərdən sonra hamı yeni bir mərhələnin başlamasını gözləyir. Bu gözlənilən mərhələnin əsasında böyük quruculuq işləri dayanır. Biz aqrar sektorun, ümumiyyətlə, kənd yerlərinin inkişafı üçün miqyaslı işlər görməli, həmçinin paytaxt Bakıda böyük quruculuq layihələri həyata keçirməliyik. Bunun üçün öz gücümüzü səfərbər etməliyik.
Biz torpaqlarımızı hələ yeni işğaldan azad etmişik, ölkəmiz böyük bir problemdən təzə xilas olub. Belə bir zamanda biz özümüzü bəzi Avropa ölkələri ilə müqayisə etməməliyik. Biz nə Fransa, nə Almaniya, nə Norveç, nə də digər Skandinaviya ölkələri kimi problemlərimizi həll etməmişik ki, 4 günlük iş rejiminə keçək”.
Nuray Məmmədzadə