Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində Hatay bölgəsində yaşayış kompleksi aşıb.
Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələlərdən sonra Azərbaycanda da həm sosial şəbəkələrdə, həm də real həyatda ölkənin seysmik vəziyyəti və hazırlığı barədə müzakirələrin artdığı müşahidə olunur.
Bəs Azərbaycanda seysmik vəziyyət necədir və ölkə buna hazırdırmı?
Bu suallara cavab tapmaq üçün BBC News Azərbaycanca yerli seysmoloq və zəlzələ riskinin qiymətləndirilməsi üzrə mütəxəssislərlə danışıb.
Zəlzələ necə baş verir?
Yerin alt qatlarında Ərəbistan, Avrasiya, Afrika və digər bu kimi adlarla ifadə olunan və böyük ərazini əhatə edən hərəkətli səthlər – plitələr mövcuddur.
Mütəxəssislərin fikrincə, məhz həmin plitələr hərəkət edərkən bir-birinə davam gətirə bilmədikləri üçün “qırılmalar baş verir” və bu da zəlzələ yaradır.
Azərbaycan seysmik baxımdan harada yerləşib?
Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün “zəlzələ bölgəsi” hesab edilir.
Əslində hər gün “zəlzələ” baş verir, lakin onlardan çoxu kiçik təkanlar olduğu üçün hiss edilmir.
Azərbaycanda zəlzələ yaradan amillər hansılardır?
Azərbaycanda qeydə alınan zəlzələlər əsasən tektonik plitə və blokların hərəkəti nəticəsində ortaya çıxır.
Bununla belə, antropoloji – yəni insanların fəaliyyəti nəticəsində də zəlzələ riskləri yaranır.
Antropoloji təsirlərə neft-qaz yataqlarının dərin işlənməsi, neft quyularının qazılması, eləcə də qrunt sularının və su anbarlarının qeyri-peşəkar səviyyədə işlənməsi və digər amillər daxildir.
Potensial zəlzələ ocaqları hansı ərazilərdir?
Azərbaycanda seysmik cəhətdən 5 aktiv zona var:
Böyük Qafqaz dağlarının cənub yamacı (Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala zonası)
Kiçik Qafqaz dağlarının şimal yamacı (Qarabağ, Mingəçevir, Gəncə, Şəmkir zonası)
Talış dağları ərazisi
Quba-Xaçmaz bölgəsi
Xəzər dənizi
Bu ərazilər potensial zəlzələ ocaqları kimi səciyyələndirilir.
Seysmik aktivliyə nəzarət olunurmu?
Seysmoloji təhlükələrin qiymətləndirilməsi üzrə mütəxəssis Qulam Babayevin sözlərinə görə, texnologiyanın inkişafına baxmayaraq, hələlik tektonik plitə və blokların hərəkətinə tam nəzarət etmək mümkün deyil.
Lakin GPS stansiyalar vasitəsilə onların hərəkət istiqaməti və illər boyu yaratdığı dəyişikləri müşahidə edərək riskli əraziləri müəyyənləşdirmək olur.
Hazırda Azərbaycanda əsas tektonik blokları müşahidə edən 32 GPS stansiyası mövcuddur.
Lakin aktiv qırılma zonaları və blokların hərəkətini nəzərə alsaq hazırda GPS stansiyalarının sayının 2-3 dəfə artırılmasına ehtiyac var, mütəxəssislər bildirir.
Azərbaycanda ən böyük hərəkətlilik Cənub blokunda müşahidə edilir – ildə təxminən 13 millimetr
GPS stansiyalar nə edir?
Azərbaycanda quraşdırılan GPS stansiyalar tektonik blokların hərəkət fərqini hesablamağa və gərginliyin toplandığı əraziləri aşkar etməyə imkan verir.
GPS stansiyaların işlənməsi üzrə mütəxəssis Rafiq Səfərov bildirib ki, ümumiyyətlə Azərbaycan ərazisinə ən çox Ərəbistan plitəsi təsir göstərir.
“Qırmızı dənizdə süxurların yer üzərinə çıxıb bərkiməsi nəticəsində Ərəbistan plitəsi şimal və şimal-şərqə doğru hərəkət edir və bu təzyiq Azərbaycandakı blokları kobud dildə desək şimala tərəf sıxışdırır. GPS stansiyalarla həmin blokların hansı sürətlə getdiyini və gələcək riskləri müəyyənləşdiririk”, – Rafiq Səfərov deyib.
Azərbaycanda ən böyük hərəkətlilik Cənub blokunda müşahidə edilir – ildə təxminən 13 millimetr. Onun qarşısında olan Abşeron bloku isə ildə təxminən 1-2 millimetr məsafə qət edir – başqa sözlə desək çox kiçik sürətlə də olsa, Cənub bloku nisbətən ləng hərəkət edən Abşeron blokuna yaxılaşır və onlar arasında gərginlik toplanır. Bu proses Azərbaycan ərazisində olan digər tektonik bloklar arasında da gedir.
Müasir texnologiya blokların hərəkətini, seysmik aktivliyi, qırılma xətlərini tədqiq etməyə imkan versə də, hələlik zəlzələnin baş verəcəyi tarixi və gücünü əvvəlcədən müəyyən etmək mümkün deyil.
Bəs tarixini və gücünü bilmədiyimiz zəlzələyə necə hazırlaşmalıyıq?
Zəlzələnin baş verəcəyi vaxtı müəyyənləşdirmək mümkün olmasa da, onun dağıdıcı təsirini azaltmaq imkanları mövcuddur.
Bura tikinti prosesində mühəndis işləri kimi struktur yanaşma ilə yanaşı, maarifləndirmə kimi qeyri-struktur həll variantı da daxildir.
Təbii fəlakətlər və ekologiya üzrə təhlilçi Rövşən Abbasova görə, “təəssüf ki, Azərbaycanda həm struktur, həm də maarifləndirmə işində ciddi səhlənkarlığa yol verilir”.
Buna nümunə kimi, o, yeni inşa edilən binalar arasında məsafənin saxlanılmaması, tikinti ərazisinin düzgün seçilməməsi, hazır binalarda mənzil sahəsinin qanunsuz artırılmasını göstərir.
Bina və ictimai iaşə obyektlərinin infrastruktur quruluşu da, məsələn pilləkənlərdə əlillər üçün pandusun qoyulmaması kimi nüanslar da zəlzələ zamanı çevik evakuasiyanı ləngidən amillərdəndir.
Məktəblərdə və iş yerlərində zəlzələ zamanı insanlara nəzəri biliklərin verilməməsi və praktiki həyəcan məşqlərinin keçirilməməsi də insanları zəlzələ zamanı davranış vərdişlərinə öyrənməkdən məhrum edir.
Bu isə təbii proses olan zəlzələni təbii fəlakətə çevirir.