Azərbaycandakı erməni redaksiyasının baş redaktoru: “Onları qıcıqlandırmışıq”

TEL_MAN1466055252Azərbaycanda erməni dilini səlist bilən şəxslər barmaqla sayılacaq qədərdir. Amma indiki reallıqda bu dili həm danışa və həm də yaza biləcək mütəxəssislərə sözün həqiqi mənasında daha çox ehtiyacımız var.
Erməni dilini bilən və bu dildə yazıb, oxuyan, danışa bilən mütəxəsislərdən biri də Telman Qasımovdur. Telman Qasımov APA-nın erməni dilli versiyasının baş redaktorudur.

Erməni dilində xəbərlərin hazırlanmasına məsul olan baş redaktor Modern.az saytını suallarını cavablandırıb. Telman Qasımovla müsahibəni təqdim edirik.

-Telman bəy, erməni dilini harada öyrənmisiniz?

– Mən Ermənistanda doğulmuşam, orta məktəbi də İrəvanda bitirmişəm. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi və fiziki təlim fakültəsində təhsil almışam. Uzun illər ictimai və siyasi fəaliyyətim olub. Soyqırımı və İnsan Haqları Mərkəzinin rəhbəri olmuşam..

– Əvvəllər mətbuatda işləmisinizmi?

– Bir çox mətbuat orqanları üçün tərcümələr etmişəm.

– APA-nın erməni dilli versiyasının yaranası təşəbbüsü ilk olaraq kimdən gəldi ?

– İlk dəfə 5 il öncə Vüsalə Mahirqızıdan təklif gəldi, bir müddət saytın üzərində işlədik, lakin bəzi səbəblərdən layihənin reallaşmasında fasilə yarandı. İndi isə yenidən Vüsalə xanım tərəfdən təklif aldım və dərhal razılaşdım. Vüsalə xanımı uzun zamandır tanıyıram, onunla birlikdə işləmək çox rahatdır.

– Azərbaycanda erməni dili xəbər saytının yaradılması yəqin Ermənistanda reaksiyasız qalmayıb…

– Öncə Ermənistanın ictimai və mətbuatla bağlı ekspertlərindən reaksiya gəldi. Mən bir çox erməni media ekspertləri və jurnalistlərini izləyirəm. Onlar da mənim fəaliyyətimi izləyirlər. Ermənistan mətbuatında saytla bağlı yazılan fikir və rəylər yetərincə çoxdur. Onları tarix üçün toplayıb saxlayırıq. Bir şeyi deyə bilərəm ki, qarşı tərəfin fikri bu oldu ki, Azərbaycan ermənilərdən fərqli olaraq bu sahədə böyük uğurlar əldə edib.

– Ermənilərin sizin xəbərlərə münasibəti necədir, şərh yazırlarmı? Erməni oxucularınız çoxdurmu?

– Əlbəttə mən daim izləyirəm və deyim ki, hər gün azı 5 erməni informasiya portalı APA-nın erməni redaksiyasının xəbərlərinə istinad edir.

– APA-nın erməni dili versiyası Azərbaycana və Azərbaycan mətbuatına nə verəcək?

– Ən əsası Azərbaycan həqiqətlərini gündəlik və müntəzəm olaraq düşmən tərəfə çatdırırıq. Çünki bilirsiniz ki, nəinki Ermənistan mətbuatında, hətta xaricdə yaşayan erməni diaspor təşkilatları Azərbaycana qarşı birtərəfli təbliğat aparırlar.
Bu saytın vasitəsilə biz ermənidilli əhaliyə Azərbaycanın haqq sözünü və onların düşündüyündən fərqli olduğumuzu çatdıra bilirik. Nəticə isə informasiya təbliğatında operativ informasiyanın yayılması və yeni oxucu auditoriyası qazanmaqdır.

– Azərbaycandakı erməni dilini öyrədən mərkəzlərlə əməkdaşlıq edirsinizmi?

– Azərbaycanda erməni dilinin qrammatikasını tam mənimsəmiş mütəxəssisləri barmaqla saymaq olar. Olanlar da yaşlı nəslin nümayəndələridir. Onların potensialından lazımınca istifadə edilir. Amma biz bu sahədə daim müzakirələr aparır, nəinki Azərbaycanın, qardaş ölkələrin də təcrübəsindən istifadə edir, onların bu sahədəki mərkəzləri ilə işbirliyi qururuq.

– Sizcə, ölkəmizdə erməni dilinin öyrənilməsinə maraq hansı səviyyədədir?

– Gənc nəsil bu dilin nə qədər əhəmiyyətli olduğunu tam dərk etmir. Başa düşüləsidir, bu gün əksər gənclərə erməni dilini öyrənməyi təklif etsən, rədd cavabı alarsan. Bu da normaldır, bu gənclər gözlərini açıb erməniləri işğalçı və terrorçu kimi tanıyıblar. Başqa nə cür olmalıdır ki?.. Lakin düşmənə qalib gəlməyin yollarından biri də onun dilini bilməkdir.
Biz bu sahədə görülən işləri artırmalıyıq. Məndən dilin öyrənməsi üçün məsləhət alan gənclər də az deyil. Çalışıram ki, düzgün istiqamət verim. Çünki başqa dillərlə müqayisədə erməni dilinin öyrənməsi çətindir. Ən başlıcası, dil öyrənilməsində əsas vasitələrdən biri olan ünsiyyət bizdə yoxdur.

– Erməni dilini öyrənmək üçün hansısa xüsusi istedad lazımdırmı?

– Erməni dili rus və Azərbaycan dillərindən kifayət qədər söz ehtiyatı çox olan bir dildir. Əgər rus və Azərbaycan dilini mükəmməl bilirsənsə, ermənicəni öyrənməkdə problem yoxdur. Dilin qrammatik quruluşu isə tamamilə fərqlidir.

– APA-nın erməni dili versiyasında xəbər materialları, yazılar əsasən hansı prinsiplərlə seçilir?

– Siyasi, iqtisadi, hərbi, idman və mədəniyyət sahələrinə aid yeniliklər tərcümə edilir. Bir şeyi deyim ki, Ermənistanda APA çox məşhurdur. Bunu mən gündəlik izlədiyim üçün bilirəm. APA-nın erməni dili redaksiyası fəaliyyətində bunu nəzərə alır və daim xəbərləri yeniləyir.

– Erməni dili versiyasında mühüm xəbərlərin Azərbaycan oxucularının oxuya bilməsi üçün tərcümələri də yayımlamağı düşünürsünüzmü?

– Nəinki düşünürük, gündəlik ən vacib və maraqlı yazılar operativ tərcümə edilərək, dərhal APA-nın Azərbaycan və digər dillərdəki versiyalarında yerləşdirilir. Gündəlik olaraq APA-nı və vesti.az portalını izləyənlər, bunu görə bilərlər. Azərbaycan mediası bizim bu tərcümələrdən çox bəhrələnir və biz buna şadıq.

– Erməni dilində olan hansı tip xəbərlər oxucuların daha çox marağına səbəb olur?

– Onların siyasi ekspertlərinin və ordudakı eybəcərlikləri oxucu diqqətinə çatdırdıqda maraq çox olur. Erməni mediasının fərqli iş prinsipi var. Onlar daxili auditoriya üçün nəzərdə tutulan, xüsusilə tənqidi məqamlarla dolu yazıları əksər hallarda başqa dillərə tərcümə etmirlər.

– Yazılarınızı sosial şəbəkələrdə erməni dilli qruplarda, səhifələrdə rahat paylaşa bilirsinizmi? Reaksiya olurmu?

– APA-nın erməni redaksiyasının xəbərlərini yaydığı Facebook və Tvitter səhifələri artıq fəaliyyət göstərir. Bu səhifələrdə kifayət qədər çoxlu erməni izləyicilər var. Onların arasında xəbərlərdən qıcıqlananlar, sərt reaksiya bildirənlərlə yanaşı, normal müzakirə açanlar da var.
Mənim bir jurnalist kimi bəzi erməni siyasiləri və jurnalistləri ilə əlaqələrim var. Onlarla müzakirə aparmaq, sosial şəbəkədə diskussiya qurmaq olur. Onların çoxu da qəbul edirlər ki, Qarabağ Ermənistan tərəfdən işğal olunub və bu müharibənin heç bir mənası yoxdur.
Ermənistanda əhali getdikcə azalır. Miqrasiya üzündən Ermənistanın rayonlarında və kəndlərində orta məktəblər bağlanıb, əhali kütləvi şəkildə köçür. Ermənistandan Qarabağa əsgərliyə göndərilən gənclərin valideynləri bezib. Qondarma rejim Ermənistanın onsuz da kasıb olan büdcəsinin üzərində ağır yükdür. Əhali işsizlik və yoxsulluqla üz-üzə qalıb.
Xaricdə olan əksər erməni siyasiləri və jurnalistləri bunu özləri də etiraf edir. Onlar mənasız işğalçılıq siyasətinin sonunu görmədiklərini, bunun Ermənistana fəlakət gətirdiyini açıq etiraf edirlər. Son siyasi təzyiqlərə məruz qalanlardan biri də hüquq müdafiəçisi Georgi Vanyan idi ki, o da bu il canını götürüb ölkədən Avropaya qaçdı. Belə faktlar çoxdur, əsas həmin narazı qüvvələrlə normal ünsiyyət qurmaqdır.

-Gələcəklə bağlı APA-nın erməni dilli versiyasında planlarınız nələrdən ibarətdir ?

– Bu barədə gələcəkdə danışsaq, daha yaxşı olar. İndi əsas hədəfimiz xəbərlərin sayını artırmaq və saytı daha çox tanıtmaqdır.