Bu ilin I yarısında Azərbaycanın təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 723 mln dollar məbləğində qiymətləndirilir.
Yenicag.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2019-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikasının Tədiyyə balansı hesabatında bildirilir.
Qeyd edilir ki, daxilolmalar 495,3 mln dollar, ödənişlər isə 227,7 mln dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 89,5%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7,4%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3,1%-i isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 16% azalaraq 443,2 mln dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 13,1% artaraq 192,5 mln dollar olub. Nəticədə pul baratları üzrə 250,7 mln dollar müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 267,6 mln dollar təşkil edib.