Azərbaycandan ilk zəvvar qrupları Həccə yola düşüb

96ec96a73928c70c5662c65850d5fde7Azərbaycandan Həcc ziyarətinə zəvvarların ilk qrupları yola düşüb.

İlk təyyarə reysi bu gün səhər Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına istiqamət götürüb.

İlkin olaraq 4 qrupdan ibarət bir təyyarə havaya qalxıb. Gün ərzində daha 3 reysin uçması planlaşdırılır. İlk uçuşda “VİP zəvvarlar”a ziyarətə yollanıblar.

Həccə uçuşlar sentyabrın 15-ə qədər davam edəcək.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, artıq Səudiyyə Ərəbistanında bütün təşkilati məsələlər həll olunub. Həmişə olduğu kimi, bu il də Məkkə və Mədinədə bina və hotellər icarəyə götürülüb. Zəvvarların nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub.

Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və yerlər dolub. Sənəd qəbuluna martın 11-dən start verilib. Bu il ilk dəfə olaraq sənəd qəbulunun vaxtı yerlərin dolmaması səbəbindən indiyə qədər davam edib (ötən ilə qədər sənəd qəbulu üçün son tarix mayın 31-i müəyyən olunmuşdu). Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki variantda təklif olunur. Daha yaxşı şəraitli (VİP) hotellərdə qalmaq, keyfiyyətli yeməklərlə təmin olunmaq və 4 nəfərlik otaqlarda yerləşmək üçün təklif olunan variant 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün təklif olunan variantın qiyməti isə 4700 dollardır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə həyata keçirilir. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılıb(APA).