Azərbaycandan iqlim maliyyəsi TƏŞƏBBÜSÜ: “Bu, çoxsaylı layihələrin həyata keçirilməsinə şərait yaradacaq”

“Azərbaycan COP29-un keçirilməsində iqlim dəyişmələri ilə mübarizədə bir dövlət kimi öz iradəsini, trendi, gələcək fəaliyyət istiqamətlərini ortaya qoyur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda COP29-un keçirilməsinin önəmliliyi və bu tədbirə ölkəmizin verəcəyi töhfədən danışan ekoloq Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, ölkəmizdə artıq bu istiqamətdə böyük işlər görülür:

“Qeyd edim ki, Azərbaycan COP29-un keçirilməsində iqlim dəyişmələri ilə mübarizədə bir dövlət kimi öz iradəsini, trendi, gələcək fəaliyyət istiqamətlərini ortaya qoyur. Öz gələcək fəaliyyət istiqamətlərini bütün dünyaya açıqlayır ki, biz əlli, yüz il sonra neft-qaz istehsal edən ölkədən alternativ enerji ölkəsinə çevriləcəyik. Ölkəmizdə artıq bu istiqamətdə böyük işlər görülür”.

Ekoloq qeyd edib ki, COP29 keçirilməsində ilk dəfə olaraq Azərbaycan tərəfindən iqlim maliyyəsi təşəbbüsü həyata qaldırılır:

“İqlim maliyyəsi təşəbbüsü çərçivəsində Azərbaycan neft-qaz istehsal edən bütün ölkələri iqlim dəyişmələri ilə bağlı mübarizəyə töhfə verməyə çağırır. Burada söhbət əlbəttə ki, maliyyə, maddi töhfəsindən gedir. Belə ki, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn kimi iri neft ixracatçıları iqlim dəyişmələri ilə mübarizəyə müəyyən miqdarda vəsait ödəməlidirlər. Bu vəsait iqlim maliyyəsi üçün formalaşdırılmış xüsusi bir mənbədə saxlanılacaq. Bu, iqlim dəyişmələri ilə mübarizə üçün çoxsaylı layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Buraya iqlimə dayanıqlılıq, iqlimlə mübarizə, iqlimə dayanıqlı kənd təsərrüfatı, istixana qazlarının azaldılmasına yönəlmiş fəaliyyətlər misal göstərmək olar ki, ilk növbədə bizim dünyamızın dayanıqlı inkişafını, karbonsuz, xoşbəxt gələcəyini təmin edir”.

İsmayıl Bakuvi