Azərbaycandan Küveytə “Naftalan yağları” ixrac olunacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı Azərbaycanda istehsal olunan “Naftalan yağları” məhsuluna sərbəst satış sertifikatı təqdim edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, əsasən, kosmetik vasitə kimi istifadə olunan “Naftalan yağları” Küveytə ixrac olunacaq.

“Naftalan yağı” məhsulunun ilkin mərhələdə üç növdə ixracı nəzərdə tutulub.

Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq Azexport portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir. Sərbəst satış sertifikatının verilməsi əvvəllər 100-dən artıq Amerika qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinə yerli məhsul ixracını asanlaşdırıb.