Azərbaycandan optimal siyasi GEDİŞ: “Zəngəzur dəhlizi ilə bağlı ən doğru zaman seçildi”

“Rusiyanın regiondan uzaqlaşdırılması üçün addımlar atılır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında regiondakı təhdid və Zəngəzur dəhlizinin açılmasının sülh müqaviləsindən sonraya saxlanılmasının səbəblərini şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycanın Zəngəzur dəhlizindən indiki məqamda imtina etməsi müsbət haldır.

“Zəngəzur məsələsində Azərbaycan optimal variantdan istifadə etdi. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla Ermənistan arasında ciddi problem yox idi. Həll olunacaq problemlər idi. 10 noyabr bəyanatı 5 il ərzində qüvvədə olacaq. Mütləq şəkildə digər məsələlərdə olduğu kimi, Rusiya Zəngəzur dəhlizinin təşkilini, onun mühafizəsini öz üzərinə götürməli idi. Nə Ermənistan tərəfi, nə də Azərbaycan tərəfi Rusiyanın dəhlizdə oturmasını istəmirdi. Hər iki tərəfinin marağına uyğun olaraq, 2025-ci ildən sonraya, yəni 10 noyabr bəyanatının qüvvədən düşdüyü vaxtda saxlamaq istədilər ki, sonrakı mərhələdə tərəflər öz aralarında problemi həll etsinlər”, – deyə o bildirib.

Digər tərəfdən, ekspert əlavə edib ki, Zəngəzur dəhlizinə alternativ olan, Azərbaycanı Naxçıvanla birləşdirən yol işləyir.

“İranla Azərbaycan arasında Zəngilan istiqamətindən körpü salınır. Bu da alternativ olaraq işləyəcək.

Burda ən əsas məsələ Rusiyanın regiondan uzaqlaşdırılmasıdır. Burda həm İran, həm ABŞ, həm Azərbaycan, həm Ermənistan, həm də Avropa maraqlıdır. Hesab edirəm ki, bu, düşünülmüş və uğurlu addımdır”, – deyə o fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29