“Romgaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bu yaxınlarda imzalanmış müqaviləyə əsasən, Rumıniya 2023-cü il yanvarın 1-dən aprelin 1-dək Azərbaycandan 300 milyon kubmetrədək qaz ala bilər.
Trend ICIS nəşrinə istinadən xəbər verir ki, gündəlik tədarük 4,2 milyon kubmetr təşkil edəcək.
Qaz həcmləri Türkiyədən Yunanıstanın virtual satış nöqtələrinə çatdırılacaq. Qaz daha sonra Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə Bolqarıstana və Trans-Balkan dəhlizində “Negru Voda 1-Kardam” qovşağından yenidən Rumıniyaya göndəriləcək.
Mənbələr qeyd ediblər ki, gündəlik həcmlər dəyişə bilər və bu, “Romgaz”a ehtiyaclardan asılı olaraq təkliflər təqdim etmək imkanı verəcək.
Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Avropaya 10,3 milyard kubmetr qaz ixrac edib. Türkiyəyə qaz ixracı 7,6 milyard, Gürcüstana isə 2,2 milyard kubmetr təşkil edib.
Bu il qaz ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artıb. 2022-ci ilin hesabat dövründə Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə Türkiyəyə nəql olunan qazın həcmi 5,2 milyard kubmetr təşkil edib.
Qeyd edək ki, ümumilikdə 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 20,1 milyard kubmetr qaz ixrac edib.