2024-cü ilin ilk 3 rübündə – 9 ay ərzində Rusiyaya gedən əmək miqrantlarının sayı açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Vahid İdarələrarası İnformasiya və Statistika Sistemi yayıb.
Bildirilib ki, ölkəyə ən çox miqrant Özbəkistandan gəlib – 1 milyon 748 min. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (1 milyon 605 min) 143 min nəfər çoxdur.
İkinci yerdə Tacikistan 986 min nəfərlə gəlir. Tacikistandan da Rusiyaya gedənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə (884 min) 102 min artıb.
Qırğızıstandan gedənlərin sayı (570 min) ötən illə müqayisədə (517 min) 53 min artıb və ölkə 3-cü yeri tutub.
Qazaxıstan 4-cü yerdədir – 147 min (ötən ilin eyni dövründə 107 min olub).
Ermənistandan gedənlərin sayı dəyişməyib – bu il də 142 min olub (5-ci yer).
Azərbaycandan gedən əmək miqrantlarının sayı isə 104 minə qalxıb. Ötən ilin eyni dövrü ilə müqayisədə (93 min) bu, 11 min çoxdur və bu rəqəmlə ölkəmiz 6-cı olub.