Azərbaycanı Rusiya ilə üz-üzə qoyma CƏHDLƏRİ: “Beynəlxaq qurumlar sanksiyalara qoşulmaqla bağlı çağırışlar edirlərsə…”

“NATO və bizim sanksiyalara qoşulmağımızı istəyən digər beynəlxaq qurumlar, ilk növbədə, onu bilməlidir ki, biz Rusiyaya qarşı sanksiyalara qoşulmasaq da, Ermənistan kimi Rusiyaya qarşı sanksiyaların dəlinməsində də iştirak etmirik”.

Bu fikirləri NATO Baş katibinin Azərbaycana səfəri fonunda rəsmi Bakının da Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmağının vacibliyini deməsini dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Azərbaycanın maraqları indiki halda sanksiyalara qoşulmağı mümkünsüz edir:

“NATO Baş Katibi Stoltenberqin müsahibəsində sələndirdiyi fikirlər, əslində, yeni bir şey deyil. Təbii ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bir ölkə olaraq biz də Rusiyanın Ukraynanı işğal etməsini istəmirik. Biz dəfələrlə ən yüksək səviyyədə Krımın belə Rusiya tərəfindən işğalını tanımadığımızı bəyan etmişik.

Azərbaycan Rusiyanın Ukraynaya hücum etdiyi ilk andan etibarən bütün imkanları ilə davamlı olaraq Ukraynaya humanitar yardımını əsirgəməyən dövlət olaraq da ədalətin və haqqın tərəfində olduğunu sübut edib. Bunu, təbii ki, Avropa ilə yanaşı, NATO rəhbərliyi də görür və təqdir edir. Biz hətta özümüzün ehtiyacımız olduğu halda minatəmizlənmə sahəsində də Ukraynaya köməyimizi əsirgəməmişik və Kiyevi minatəmizləmə maşınları ilə təmin etmişik.

NATO Baş Katibinin ölkəmizin Rusiyaya qarşı sanksiyalara qoşulmaqla bağlı çağırışına gəldikdə isə, əslində, bu da yeni bir şey deyil. NATO və kollektiv Qərb uzun müddətdir ki, bütün ölkələrə sanksiyalara qoşulmaq üçün açıq və ya gizli müraciətlər edir.

Amma başa düşmürlər ki, Azərbaycan həm də öz maraqlarını müdafiə etmək məcburiyyətindədir və məhz elə bu səbəbdəndir ki, balanslı siyasət yürütməyə üstünlük verir. Yəni biz, ABŞ ilə, Almaniya ilə və istənilən NATO ölkəsi ilə iqtisadi-ticari münasibətlərə necə açığıqsa, eyni şəkildə Rusiya, Çin kimi ölkələrlə də dövlətimizin maraqları çərçivəsində əməkdaşlıq edirik.

Ölkə maraqları isə indiki halda sanksiyalara qoşulmağı mümkünsüz edir. NATO və bizim sanksiyalara qoşulmağımızı istəyən digər beynəlxaq qurumlar, ilk növbədə, onu bilməlidir ki, biz Rusiyaya qarşı sanksiyalara qoşulmasaq da, Ermənistan kimi Rusiyaya qarşı sanksiyaların dəlinməsində də iştirak etmirik. Ermənistan isə bu gün faktiki olaraq Rusiyaya qarşı olan sanksiyaların dəlinməsində mühüm fəaliyyət göstərir və məhz elə bunun səbəbidir ki, son iki ildə Ermənistan-Rusiya arasında ticarət dövriyyəsi 7 milyard dolları ötüb və iqtisadi münasibətlərdə 4.5 dəfə artım qeydə alınıb. Rusiyadan Ermənistana pul köçürmələrin həcmində isə fantastik həcmdə artım var.

Yəni biz ən azından üzdə düşmən görünüb altdan Rusiyaya yardım edən ölkə durumunda deyilik. İkincisi, müvafiq beynəlxaq qurumlar sanksiyalara qoşulmaqla bağlı çağırışlar edirlərsə, ilk növbədə, özləri buna əməl etməlidir. Bu gün hələ də Avropa İttifaqı və NATO ölkələrinin bir qismi Rusiya ilə iqtisadi münasibətlərini davam etdirir. Hətta ABŞ şirkətlərinin özü belə 2023-cü ilin sonunda Rusiyadan enerji məhsullarının alışını həyata keçirirərək bu ölkəyə milyonlarla dollar vəsait ötürüb”.

Səxavət Məmməd

COP29