Azərbaycanı tanıdacaq TİCARƏT EVLƏRİ: “Köhnə Sovet standartlarından imtina olunmalıdır” – Ekspertdən TƏKLİF

“Xarici ölkələrdə açılan ticarət evlərində kənd təsərrüfatı məhsulları və maya dəyəri aşağı olan malların satışına üstünlük verilməlidir”.

Bu sözləri Azərbaycanın Pakistan və Yaponiyada “Ticarət evi” açılması ilə bağlı qərarına münasibət bildirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Asif İbrahimov qeyd edib ki, Azərbaycanın xarici ölkələrdə ticarət evlərinin açılması çox müsbət addımdır:

“Bu, ölkəmizdə istehsal olunan məhsulların dünya miqyasında tanıdılmasına geniş imkanlar yaradır. Lakin daha öncəki ticarət evlərinin təcrübəsinə əsaslansaq, nəzərdə tutulan addımın ölkə iqtisadiyyatının inkişafına müsbət təsir etməsi üçün bir sıra mühüm işlər görülməlidir.

Bu baxımdan, akkreditasiya, qanunvericilik sahəsində dəyişikliklər edilməlidir. Xüsusilə, SSRİ dövründən qalan bir sıra standartlardan imtina edilməli, qanunvericiliyimizi dünya ölkələrinin təcrübəsinə uyğunlaşdırmalıyıq.

Ümumdünya Ticarət Təşkilatına üzv ölkələrin qanunvericiliyinə istinad etməyimiz daha məqsədəuyğundur. Ticarət evlərində kənd təsərrüfatı məhsulları və maya dəyəri aşağı olan malların satışına üstünlük verilməsi isə məhsuldarlığın artmasına şərait yaradacaq”.

Gülşən Şərif