Azərbaycanı yarışmada təmsil edən yarıgürcü-yarıerməni qız kimdir? – Foto

658b8-photo_41830Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Tiflisdə “Miss Planet – 2015” gözəllik müsabiqəsi keçirilib.
Azərbaycan ictimaiyyətinə son anadək qaranlıq qalan bu müsabiqə internetdə bir fotoşəkilin yayılmasından sonra fəal müzakirə olunmağa başladı.

Belə ki, Ermənistan saytları “Miss Planet – 2015”də iştirak edən erməni nümayəndəsi Diana Davtyanın çəkdirdiyi şəkili fəal surətdə yaymağa başladılar.

Həmin şəkildə Davtyan və üzərində “Azərbaycan” yazısı olan lent taxmış başqa bir qız əyləşiblər. Erməni KİV-ə danışan Davtyan müsabiqədə Azərbaycan təmsilçisi ilə də dostlaşdığını bildirmişdi.
Bu günlərdə isə “Sputnik Georgia” agentliyinə müsahibəsində Davtyan bu dostluq barədə daha bir neçə faktı açıqlayıb:

“Biz onunla hələ müsabiqəyədək, İnternetlə tanış olmuşuq. O, 75% gürcüdür, nənəsinin anası isə ermənidir. O, çox yaxşı qızdır və buna görə də, biz dostlaşdıq”.

Bu etirafdan sonra əlbəttə ki, Azərbaycanı bu müsabiqədə kimin təmsil etməsi maraqlı gəldi. Lakin çoxsaylı axtarışlarımıza baxmayaraq, bu müsabiqədə iştirak etdiyi iddia olunan Azərbaycan təmsilçisi ilə bağlı heç bir məlumat əldə edə bilmədik.

Məsələ ilə əlaqədar World Beauty Congress-in Qafqaz ölkələri üzrə koordinatoru, təşkilatçı Aqil Məmiyevlə əlaqə saxladıq.

A.Məmiyev bildirib ki, həmin müsabiqə qondarmadır və orada Azərbaycandan rəsmi olaraq heç bir təmsilçi iştirak etməyib:

“Bu müsabiqəyə rəsmi olaraq Azərbaycandan heç kim göndərilməyib. Onlar kiçik müsabiqələrdir. Hansı ki, orada 10-12 ölkə iştirak edir. Xaricdə qondarma müsabiqələr çoxdur. “Miss Planet” yarışması da onlardan biridir. World Beauty Congress tərəfindən təsdiqlənməmiş bir müsabiqədir.
Bu cür gözəllik müsabiqələrində belə bir təcrübə var ki, kənardan qızları ora dəvət edir və müxtəlif ölkələrin bayraqları altında səhnəyə çıxardırlar ki, həmin müsabiqəyə bir çəki gətirsinlər, onun ciddi olduğunu göstərsinlər.
Mənim ehtimalıma görə, bu iştirakçı Gürcüstanda yaşayan azərbaycanlı ola bilər. Yarışmada Azərbaycan əslli gürcü vətəndaşı kimi iştirak edib”.

Qeyd edək ki, sözügedən müsabiqənin qalibi münsiflər heyətinin qərarı ilə 18 yaşlı gürcü qız Tinatin Babluani seçilib(oxu).